Siyasilər tərəfindən "Qarabağın azadlığı demokratiyadan (əsasən ABŞ xətti nəzərdə tutulurdu) keçir" tezisi alternativsiz fikir kimi önə çəkilir və təxminən 15 il ərzində Prezident İlham Əliyevə qarşı səslənən ittihamların ana bazasını təşkil edirdi. Yekun ittiham belə idi: "İlham Əliyev Qarabağı işğaldan azad edə bilməz".
Bir tərəfdən isə, "Qarabağın açarı Rusiyanın əlindədir" tezisi ictimai fikirdə oturuşmuşdu. Əslində isə güclü Azərbaycan və güclü lider olmadan ABŞ və Rusiya Qarabağın işğaldan azad edilməsinə imkan verməyəcəkdi.
Zaman göstərdi ki, bu illər ərzində Azərbaycanın heç bir hərbi ittifaqa üzv olmaması Qarabağın işğaldan azad edilməsinin əsas faktorlarından biri kimi müstəsna rola malik oldu. Eyni zamanda, Azərbaycan ABŞ və Rusiya arasında seçim etmək kimi dilemma qarşısında qalmadı. Gürcüstan və Ermənistan güc mərkəzinə çevrilə bilmədi, inqilablar, siyasi təlatümlər, sosial partlayışlar bu gün də həmin ölkələrin ağır mənzərəsini önə çıxarır.
Regionda yeni güc mərkəzi formalaşmağa başladı: Azərbaycan-Rusiya və Türkiyə ittifaqı. Məhz Qarabağın azad edilməsini şərtləndirən əsas güc mərkəzi də bu ittifaq oldu.
17 milyon kvadrat kilometr ərazisi olan və dünyanın super güclərindən biri - qonşu Rusiya ilə münaqişə yaratmaq yox, müttəfiq olmaq lazım idi. Okeanın o tərəfindən verilən şirin vədlərə aldanmaq Gürcüstanı və Ermənistanı bu günkü ağır duruma saldı. Artıq Ukrayna da yanlış qərarlar verdiyini anladı, ABŞ senatı bu ölkəyə bütün hərbi yardımları dayandırır. 20 milyon insan ölkəni tərk edib, təxminən Cənubi Qafqaz böyüklükdə ərazi Rusiyanın nəzarəti aldındadır, Qərb Zelenskiyə "mövcud durumla barışmağı, sülhə getməyi" təklif edir. Azərbaycan Türkiyə ilə tarixdə heç vaxt olmadığı qədər strateji münasibətlər formalaşdırdı. Türkiyə hökumət üzvləri Region və dünya qarşısında Azərbaycanın maraqlarını (xüsusilə, müharibə dövründə) tələb kimi önə çıxardılar. İndiyə qədər İran və Fransa Azərbaycanın sərrast müqavimətinə bu qədər effektiv tuş gəlməmişdi. Dünyada yeni formalaşan Türk Dövlətləri Birliyi Azərbaycansız ölü doğulan körpə uşağa bənzəyər. Diqqət ediriksə, bu birlik digər regional təşkilatları da üstələməkdədir. TDB-nin gücləndirilməsinin məqsəd və hədəfləri isə daha düşündürücüdür.