Rüşvət almaqda ittiham olunan “Salyan rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Vərəm şöbəsinin sabiq müdiri Xanış Abbasovun məhkəmə prosesi başa çatıb. “Qafqazinfo”nun məlumatına görə, X.Abbasov Cinayət Məcəlləsinin 311.2 (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzası şərti hesab edilib və 2 il sınaq müddəti təyin edilib.
Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Xanış Abbasov ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina edib.
Məlum olub ki, şöbə müdiri əlillik dərəcəsinin təyin edilməsi üçün xəstəxanada stasionar qaydada müalicə olunmadıqları halda, Namiq Quliyev və qardaşı Zamiq Quliyevə (ad və soyadlar şərtidir) epikriz verilməsinə görə onların hərəsindən 500 manat rüşvət istəyib və qurumun inzibati binasından qardaşlardan ümumilikdə 1000 manat alıb.
Maraqlıdır ki, qardaşlardan biri rüşvət verməzdən əvvəl hüquq-mühafizə orqanlarına müraciət edib. Nəticədə hüquq-mühafizə orqanı tərəfindən onun üzərinə xüsusi videoqeydiyyat funksiyalarına malik qurğu quraşdırılıb, eyni zamanda ona 10 ədəd nömrələnmiş 100 manatlıq əskinas verilib.
Daha sonra qardaşlardan biri təkbaşına xəstəxanaya gedərək Xanış Abbasovun xidməti otağına daxil olub və əməliyyatçıların verdiyi 10 ədəd 100 manatlıq əskinasları şöbə müdirinə təqdim edib.
Qeydə alınan videoda xəstə ilə həkim arasında yaşanan dialoq belə olub:
- Salam, bayramınız mübarək. Necəsiz? Nə var, nə yox?
- Salam.
- 3 aydan sonra götürüdüm gəldim, sonra bir problem yaşamayacam ki?
- Gəldin, yox demədim...
- Allah köməyiniz olsun, biz iki qardaşımızın sənədini demişik.