Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belçika Krallığına işgüzar səfəri çərçivəsində Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilatın (GUAM) xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak və çıxış edib.
XİN-dən verilən məlumata görə, nazir Ceyhun Bayramov, dünyada, o cümlədən GUAM regionunda mövcud təhlükəsizlik problemləri fonunda, Təşkilatın dayanıqlı sülh quruculuğu və inkişaf istiqamətində mühüm platforma rolu oynaya biləcəyini qeyd edib. Bu istiqamətdə, ortaq öhdəliklərə, habelə beynəlxalq hüquq normalarına hörmətin vacibliyi vurğulanıb.
Nazir Ceyhun Bayramov Ukrayna ətrafındakı vəziyyətin beynəlxalq hüquq normaları, o cümlədən Ukraynanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin ölkəmiz tərəfindən dəstəkləndiyini qeyd edib.
2024-cü ildən etibarən Azərbaycanın GUAM-a sədrlik edəcəyini diqqətə çatdıran nazir Ceyhun Bayramov, ölkəmizin sədrliyi dövründə Təşkilat çərçivəsində siyasi, təhlükəsizlik, iqtisadi, ticarət, nəqliyyat, bağlantılar, humanitar, turizm və s. digər sahələr üzrə üzv dövlətlər arasında əməkdaşlığın təşviqi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.