Zaqatalada çaqqal məktəblilərə və onların valideynlərinə hücum çəkib. Hadisə rayonun Muxax kəndi ərazisində baş verib. Bizim.media xəbər verir ki, on min nəfərə yaxın əhalisi olan Muxax kəndində vəhşi heyvanlar dəfələrlə insanlara hücum çəkib.
Növbəti hadisə isə dünən səhər saatlarında şagirdlər məktəbə gedərkən baş verib. Belə ki, 2 nömrəli tam orta məktəbə dərsə gedən zaman çaqqal üç şagirdə və iki valideynə müxtəlif bədən xəsarətləri yetirib. Muxax kənd sakini Ramazan Mikayılov bildirib ki, belə hallarla tez-tez qarşılaşırlar.
“Vəhşi heyvanlara, çaqqala, canavara kəndin küçələrində vaxtaşırı rast gəlinir. Onları kimsə vura, ya öldürə bilməz. Kim vursa, həmin an gəlib onu cərimələyirlər. Bəs onda belə hallara nə deyəsən?” - deyə kənd sakini çıxılmaz vəziyyətə düşdüklərini dilə gətirib.