Xalq artisti Ağadadaş Ağayev APA TV-yə müsahibə verib. İndi təqdim olunan mahnıları ötən illərin mahnıları ilə müqayisə edən sənətkar bildirib ki, müğənni səhnəyə çıxanda tamaşaçıya “şapalaq vurmağı bacarmalıdır. “Əgər şapalağı vura bilmədinsə, tamaşaçı səni vuracaq”, - o bildirib.
“Mən hələ 80-ci illərdə toylara efir səviyyəsini gətirmişəm. Ansamblımda bütün alətlərin səsi sinxron eşidilirdi. Niyamməddin Musayev, bir də mən orkestrlə oxumuşuq. Toylarda çox zaman canlı oxumağımıza inanmırdılar. Efirdə necə oxuyurdumsa, toyda da elə oxuyurdum. Deyirdilər, niyə özünü yorursan? Müğənnilərin çoxu toydan qazansa da, toyu yola verir”, - qeyd edib.
O bir zamanlar Azərbaycan televiziyasında müəllif proqramının olmasından, sonralar keçmiş sədr Arif Alışanovun vaxtında xarakterləri uymadığına görə həmin verilişdən imtina etməsindən də danışıb.
“Mənimki odur, sözüm olanda kişi kimi üzə deyim. Nəyisə qəbul eləmirəmsə, orda işləyə bilmərəm. Az.TV-dən getdim. 1999-cu ildə Türkiyədən təklif alıb orada da veriliş hazırlamışam”, - o vurğulayıb.