Əvvəlcədən xəbər verildiyi kimi şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin təsiri nəticəsində ölkə ərazisində yağıntılı, küləkli hava şəraiti müşahidə olunur.
Pravda.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O bildirib ki, küləyin maksimal sürətinin bəzi yerlərdə 27-32 m/san-dək çatacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Bakıda və Abşeron yarımadasında da yağıntılı hava şəraiti dekabrın 18-i səhərədək davam edəcək. Bəzi yerlərdə intensiv olacağı, dekabrın 17-i gecəyə doğru, 17-dən 18-ə keçən gecə və səhər saatlarında bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qara keçəcəyi ehtimal olunur. Güclü küləkli hava şəraiti dekabrın 18-i səhər saatlarından tədricən mülayimləşəcək.