Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Parytiyasının (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Pravda.az-ın məlumatına görə, İdarə Heyəti Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyini irəli sürüb.
BAXCP İdarə Heyətinin gündəmində olan digər məsələ partiyanın adında dəyişiklik edilməsi ilə bağlı olub. Qeyd olunub ki, məsələ uzun müddətdir ki, partiyanın müvafiq qurumlarında müzakirə olunub. İdarə Heyətinin üzvləri partiyanın adı ilə bağlı müxtəlif təkliflər səsləndiriblər. Son olaraq, çoxluq Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyası adının üzərində dayanıb. Bununla bağlı, partiyanın qüvvədə olan nizamnaməsinə uyğun olaraq, BAXCP Ali Məclisinə müraciət edilməsi qərara alınıb.
Partiyanın Ali Məclisinin məqsədəuyğun hesab edəcəyi və qurultayın qərar verəcəyi təqdirdə BAXCP Ədalət, Hüquq və Demokratiya (ƏHD) Partiyası adlandırılacaq.
BAXCP belə bir təklifi zərur edən məqamlara ayrıca açıqlama ilə aydlıq gətirib və bununla bağlı Azərbaycan ictimaiyyətinə müraciət qəbul edib. Müraciətdə deyilir:
“Əziz həmvətənlər,
Məlum olduğu kimi 1987-ci ilin sonlarından etibarən, SSRİ-nin mərkəzi strukturlarında təmsil olunan, həmşinin Fransa və ABŞ da daxil olmaqla, dünyanın müxtəlif ölkələrində yaşayan ermənilər, erməni lobbisi və Ermənistan Qarabağın Azərbaycandan qopardılması üçün ərazilərimizdəki erməni separatizmini stimullaşdırmağa və açıq müstəviyə keçirməyə başladılar. Bunun davamı olaraq, yüzminlərlə azərbaycanlı indiki Ermənistan ərazisindən, öz ata-baba torpaqlarından deportasiya olundular (qovuldular). Qarabağın Azərbaycandan qopardılmasına, daha sonra isə soydaşlarımızın Ermənistandan, öz tarixi Vətənlərindən qovulmasına, həmçinin SSRİ-nin mərkəzi hakimiyyət orqanlarının, ilkin mərhələdə laqeyid, daha sonra isə açıq ermənipərəst mövqeyinə münasibətdə ölkəmizdə ümumxalq etirazı başladı. Bu etirazların dalğasında da, prosesin idarə olunması, həmçinin Qarabağın Azərbaycandan qopardılmasının qarşısının alınması naminə mücadilənin, müqavimətin təşkili üçün Azərbaycan Xalq Cəbhəsi yaradıldı. Bundan sonrakı dövrdə baş verənlər – SSRİ-nin mərkəzi hakimiyyət orqanlarının Azərbaycan xalqına, ölkəmizin ərazi bütövlüyünə ədalətsiz və qərəzli münasibəti, təzyiq və basqılar, eləcə də dinc insanların qətlə yetirilməsi etiraz dalğasının Milli Azadlıq Hərəkatına çevrilməsinə, istiqalal uğrunda mübarizəyə zəmin yaratdı.
Əziz həmvətənlər,
Azərbaycan Ordusunun İkinci Qarabağ Müharibəsindəki Zəfərindən, xüsusilə də sentyabın 19-da başladılan antiterror əməliyyatından, ölkəmizin suverenliyinin onun bütün ərazilərində bərpasından sonra, vaxtilə Milli Azadlıq Hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin qarşısına qoyduğu ilkin, xalqın arzu və istəklərindən doğan məqsədlər reallaşıb və indi ərazisi bütövləşmiş Azərbaycan Respublikasında yeni bir dövr, hüquqi dövlət, ədalətli və demokratik vətəndaş cəmiyyəti quruculuğu üçün yeni bir mərhələ başlayıb, qarşıdurma və ziddiyyətlər başa çatıb. Zamanında Azərbaycanın ərazi bütövlüyü naminə, xalq olaraq, düşmənə qarşı eyni cəbhədə savaşmaq zərurəti və bu zərurəti ifadə edən adlar özünü doğruldurdusa, artıq səngərlərə çəkilərək mücadilə aparmaq dövrü deyil, quruculuq zamanıdır. “Azərbaycan Xalq Cəbhəsi” və onun varislərindən biri olan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) adlarında yer alan “cəbhə” sözü isə, bəlli olduğu kimi, “səngər”, qarşıdurma”, “müharibə” təəsüratı yaradır. Azərbaycan dilinin izahlı lüğətində də “cəbhə” sözü birbaşa olaraq, “Düşmənlə üz-üzə durub vuruşan ordu hissələrinin yerləşdiyi sahə, xətt” anlamında təqdim olunur.