Bakıda narkotikləri satmaq məqsədilə evindəki soyuducuda gizlədən şəxs polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Saatlı rayon sakini Emin Muradov saxlanılıb. Ondan şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin aşkar olunub. İlkin dindirmə zamanı E.Muradov metamfetamini tanışı Xətai rayonunda yaşayan Qabil adlı şəxsdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq Yevlax rayon sakini Qabil Abdullayev də polis əməkdaşları tərəfindən saxlanılıb. Onun yaşadığı evə baxış zamanı soyuducuda gizlətdiyi iki kiloqrama yaxın metamfetamin və marixuana aşkar olunaraq götürülüb.