Azərbaycan vəkilləri dekabrın 28-də peşə bayramlarını qeyd edəcəklər. Ölkəmizdə son illər vəkillik institutu kifayət qədər inkişaf edib. Vəkilin ədalətli məhkəmə qərarlarının çıxarılmasında oynadığı vacib rol isə danılmazdır. Son illər bu institutun inkişafı və cəmiyyətdə nüfuzunun artırılması istiqamətində bir çox layihələr həyata keçirilib. Məhz atılan uğurlu addımların nəticəsində vəkillərin sayının artmasında mühüm irəliləyişlərə nail olunub.
Bu və ya digər aktual məsələlər barədə Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov “Report”a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Altı ildir ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədrisiniz. Kollegiyada nələri dəyişə bilmisiniz?
- Əvvəla, müsahibəyə görə təşəkkür edirəm. “Report” İnformasiya Agentliyi hər zaman Vəkillər Kollegiyasının fəaliyyətinə çox həssas yanaşıb. Kollegiyada son illər ərzində olan dəyişikliklərə və yeniliklərə, təbii ki, mənim qiymət verməyim subyektiv görünə bilər. Çünki məlum olduğu kimi, 2017-ci ilin sonundan etibarən Vəkillər Kollegiyasına rəhbərlik mənim tərəfimdən həyata keçirilir.
Öncə onu qeyd edim ki, Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşması bilavasitə ulu öndərin adı ilə bağlıdır. Belə ki, hələ SSRİ dövründə məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında vəkilliklə bağlı müddəalar öz əksini tapıb. Bununla da vəkilliyə konstitusion status verilib. Bütün bu fəaliyyətin məntiqi davamı olaraq, ümummilli lider Heydər Əliyev tərəfindən 28 dekabr 1999-cu ildə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun imzalanıb. Azərbaycan tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi formalaşıb və həmin dövrdə qəbul olunmuş prosessual qanunvericiliyə əsasən, vəkillik çəkişmə prinsipi çərçivəsində prosesin bərabərhüquqlu peşə birliyinə çevrilib. Peşə müstəqilliyinin təməlini qoyan qanunun qəbulundan sonra isə ilk dəfə olaraq 3 noyabr 2004-cü ildə Azərbaycanın Yeni Vəkillər Kollegiyası təsis edilib. Azərbaycanda vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində bir sıra normativ-hüquqi aktlar, çoxsaylı sərəncamlar və digər sənədlər qəbul olunub ki, bu da ulu öndərin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin adı ilə birbaşa bağlıdır.
Müşahidələrim onu deməyə əsas verir ki, Azərbaycan cəmiyyəti son illər ərzində ölkəmizdə vəkillik sahəsində aparılan islahatları müsbət qiymətləndirir. Ən azından, biz bunu öz fəaliyyətimizdə də görürük. Mən fəaliyyətə yeni başlayanda vəkil sayı indikindən üç dəfə az idi. Hər gün işə gələndə çox sayda vətəndaş qapımızda gözləyirdi, şikayətçilər gəlirdilər, çox çətin idi. Ancaq hazırda vəkillərin sayının üç dəfə artması tendensiyanı müsbətə doğru dəyişib. Bu da vəkilliyin güclənməsindən, vəkillərimizin fəaliyyətinin daha peşəkar yanaşmasından xəbər verir. Təbii ki, narazı qaldığımız məsələlər də var. Bunlar da gələcəkdə öz həllini tapmalıdır, bu istiqamətdə işlər görülməlidir.
- Qarşıdan 2024-cü il gəlir. Eyni zamanda, dekabrın 28-də vəkillərin peşə bayramı yaxınlaşır. Vəkillər Kollegiyasının fəaliyyətində hansı yeniliklər gözlənilir?
- Qarşıdan gələn ildə əsas fəaliyyətimiz, ilk növbədə, ölkədə vəkil sayının artırılmasından ibarətdir. Ümumi statistika onu deməyə əsas verir ki, hər il ölkəmizdə vəkillərin sayı orta hesabla 10 faiz artır. Vəkil sayı artdıqca 10 faizi qorumaq çətin olacaq. Amma biz maksimum çalışacağıq ki, vəkil sayı ildən-ilə artsın, yəni bu çox lazımdır. Çünki 2018-ci ilin əvvəli ilə müqayisədə 11 min nəfərə cəmi bir nəfər vəkil düşürdü. Hazırda isə dörd min nəfərə bir vəkil düşür. Düzdür, çox istərdik ki, daha az vətəndaşa çox vəkil düşsün. Təbii ki, bütün bunlar birmənalı olaraq Azərbaycanda ədalət mühakiməsinin keyfiyyətinə müsbət təsir edəcək. Üzümüzə gələn ildə qarşımızda duran vəzifələrdən biri odur ki, bölgələrdə vəkillik daha da güclənsin. Bu baxımdan, Naxçıvan Muxtar Respublikası bizim üçün prioritet bölgələrdən biridir. Çünki orada digər bölgələrlə müqayisədə vəziyyət daha acınacaqlıdır. Vəkillərin sayı çox azdır və ümid edirəm ki, növbəti il Naxçıvanda vəkillərin sayı kəskin şəkildə artacaq. Bundan ötrü bütün müvafiq tədbirlər görülür.
İmtahan prosesi davam edir və çox arzulayardım ki, heç olmasa, vəkillərin sayı indikindən 50 faiz artıq olsun. Ölkəmizin qərb və şimal bölgələrində də belə problemlər var. Ancaq tez bir zamanda həll etmək də asan deyil. Çünki vəkillik dövlət qurumu deyil. Biz təyinatla vəkilləri bölgələrə göndərə bilmirik, ancaq hazırda müəyyən motivasiya tədbirləri görməklə biz bu işi icra etmək niyyətindəyik. Hazırda Gəncə şəhərində Gəncə şəhər Regional Vəkil Bürosunun inzibati binasının təmir işləri gedir. Ora Gəncə Şəhər Prokurorluğunun uzun illər ərzində yerləşdiyi bir binadır. Bina şəhərin mərkəzində çox böyük sahəyə malikdir. Ümid edirəm ki, bu məsələ həllini tapandan sonra Gəncə şəhəri və ümumiyyətlə, qərb bölgəsində vəkilliyin maddi-texniki vəziyyəti xeyli yaxşılaşacaq. Növbəti ildə biz bu binanın açılışını etməyi planlaşdırırıq. Həmçinin, Bakı şəhərində Vəkillər Kollegiyasının yeni inzibati binasının tikintisi və istifadəyə verilməsi üzrə artıq əməli tədbirlərə başlayacağıq.
Nazirlər Kabinetinin qərarı ilə həm Bakıda, həm Gəncədə, həm də regional məhkəmələrin fəaliyyət göstərdiyi Şəki, Şirvan, Sumqayıt şəhərində bizə əvəzsiz binalar verilir. Biz buna görə icarə haqqı ödəmirik. Bu, çox önəmli və ciddi bir qarantiyadır. Vəkillər Kollegiyası özünü idarə edən, özünü maliyyələşdirən təşkilatdır. Ancaq Kollegiyanın maliyyə imkanları o dərəcədə geniş deyil. Hər ay indi yerləşdiyimiz Kollegiya Aparatının inzibati binasına görə ƏDV ilə birgə təxminən 10 min manat ödəyirik. Eyni zamanda, bizim əməkdaşların əməkhaqqıları, ödənilən vergilər, sosial sığorta haqları, o cümlədən xarici səfərlərimizi özümüz maliyyələşdiririk. Amma çox qənaətlə işimizi qurmuşuq, çalışırıq ki, ştat sayı artmasın. Kollegiyada bütün işlərin görülməsi ilə cəmi 19 nəfər məşğul olur.
- İşğaldan azad olunmuş torpaqlarımızda vəkil bürolarının yaradılması məsələsi var?
- Bəli, əlbəttə! Biz müvafiq olaraq dövlətimizə də müraciət etmişik ki, işğaldan azad olunmuş torpaqlarımızda şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz salınarkən vəkil qurumlarının yerləşməsi də mütləq nəzərə alınmalıdır. Çünki əgər hüquq-mühafizə orqanlarının həmin bölgələrdə şəraiti olacaqsa, mütləq vəkil qurumu da olmalıdır. Biz də hazırıq ki, öz hesabımıza işğaldan azad olunmuş ərazilərdə vəkil qurumlarını tikib təmir edək. Amma təbii ki, dövlət tərəfindən də mütləq Baş Planda bu məsələ nəzərə alınmalıdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən bizə cavab verilib. Bildirilib ki, mütləq qaydada bu məsələ nəzərə alınacaq və təbii ki, prioritet məsələlərdən biridir. Hazırda insanlar öz doğma dədə-baba yurdlarına köçürlər. Amma azad olunmuş ərazilərdə o sayda adam yoxdur ki, indidən Vəkil Bürosu fəaliyyət göstərsin.
- Ölkəmizdə qadın vəkillərin sayının az olması sizi narahat etmir ki?
- Bu, məni ən çox narahat edən məsələlərdən biridir. Dəfələrlə bununla bağlı publik qaydada mövqe nümayiş etdirmişəm. Əgər 2018-ci ildə xanım vəkillərin sayı ümumi vəkillərin sayında yalnız 14 faiz təşkil edirdisə, bu, indi 17 faizdir. Konkret desək, hazırda Vəkillər Kollegiyasında 2 387 vəkil fəaliyyət göstərir və onlardan 415 nəfəri qadındır. Bizim vəkil köməkçilərinin əksəriyyəti məhz xanım hüquqşünaslardır. Onlar da gələcəyin vəkilləridir. Sonuncu imtahanlarda artıq namizədlərin çoxu xanımlar idi. Kişilər azlıq təşkil edirdi. İlk dəfə olaraq belə bir hal baş verdi: - 26 kişi və 27 xanım. Bu, onu deməyə imkan verir ki, bu məsələlər öz həllini tapmaqdadır və bu, kortəbii baş vermir. Vəkillər Kollegiyası Rəyasət Heyətinin təşəbbüsü ilə Kollegiyanın Qadın Vəkillər Alyansı yaradıldı. Həmin Alyansa 40 ilə yaxın peşə təcrübəsi olan Dilarə Əfrasiyabova rəhbərlik edir. Eyni zamanda qeyd edim ki, bütün universitetlərin hüquq fakültələri ilə əməkdaşlıq haqqında memorandum imzalanıb. Ümid edirəm ki, balans yaranacaq və xanımlar, təbii ki, bizim üçün gələcəkdə vəkillərin sayının artırılmasında önəmli rol oynayacaqlar.