“Qardaşım mənə ata əvəzi olmalıdır. Eləcə də mən ona. Mən qardaşlarımın şərəf və ləyaqətinə toxunan heç nəyə imkan vermərəm. Onlara sosial şəbəkələrdə adi bir şərh yazılanda belə, özümü irəli atıram, qardaşlarıma görə nələrə razıyam, hazıram - bir Allah bilir. Amma bugünkü məsələ elə bir mövzudur ki, onu hamı bilir. Cavidanın yalvarış səsləri yayılmamışdan öncə də, sonra da Cavidan hər şeyin gerçəyini gözəl bilir”. Bu sözləri Oxu.Az-a mərhum Xalq artisti Ramiz Novruzun qızı, stilist Şəfəq Novruz deyib. O, qardaşı Cavidan Novruzla aralarında yaranan qalmaqala münasibət bildirib.
Şəfəq Novruz digər qardaşı Nəriman Novruzun keçmiş həyat yoldaşı Əzizə ilə aralarında münaqişə olduğunu söyləyib:
“Cavidan Əzizənin haqsız olduğunu bilə-bilə ona yalvarıb, məsələni bağlamağını istəyib. Bundan sonra Əzizə Cavidanın yalvarışlarla dolu səsini qeyd edərək, yayıb, guya haqlı olduğunu deyib. Bunu mənə elə təqdim etdilər ki, guya Əzizə məsumdur. Cavidanın gerçəkləri görə-görə, günahı olan bir insana yalvarışları mənim izləyicilərimdə tamam başqa bir fikir yaratdı. Cavidan, sən elə hərəkət edərdin ki, bir böyük kimi nə mənə, nə qarşı tərəfə yönələsən. Müdrik bir şəkildə Əzizəyə deyə bilərdin ki, sakitləş, sənin böyük günahın var. Sən sakitləş ki, Şəfəq də sakitləşsin. İndi Əzizə əlindən gələni edir ki, Şəfəq xanım nəsə etsin, mənim gözümü nə iləsə qorxutmağa çalışır. Halbuki, vaxtilə ona ana kimi olmuşam.
Atam həyatda olsaydı, Əzizəyə eynən belə deyərdi: Sənin günahın böyükdür, ona görə sakitləş, səsini çıxarma, mən də Şəfəqi sakitləşdirəcəyəm. Cavidan isə zəng edib, Əzizəyə yalvarır. Halbuki, qarşı tərəf “qurban olum, başına dönüm” deməli idi, Cavidan yox. Onların nəslindən, ailəsindən bizə zəng edib, heç kim yalvarmadı, üzr istəmədi. Biz isə üzümüz, alnımız açıq ola-ola, heç bir günahımız olmadığı halda haqsız çıxarılırıq. Niyə?
İzləyicilər düşünürlər ki, qardaşım Cavidan zəng vurub, Əzizəyə yalvardıqdan sonra Şəfəq xanım geri addım atdı. Halbuki, mənim çəkilməyimin səbəbini qarşı tərəf də gözəl bilir. Biz Ramiz Novruzun adına ləkə gəlməsin, qardaşımın övladlarına bu məsələ təsir etməsin deyə susmuşduq. Yenə də böyüklüyü mən etdim. Amma qarşı tərəf bundan sonra mənə səsli mesaj göndərdi ki, qardaşın yaxşı olsaydı, boşanmazdıq. Xeyr, mənim qardaşım çox gözəl insandır. Guya deyir ki, əri laqeyddir, ona görə ayrılırlar. 15 il birlikdə yaşayıblar, dözüb, indi ayrılır. Özü ayrılmaq istəyirdi, amma qol çəkmirdi. Mən səsli mesaj göndərdim ki, ayrılmaq istəyirsə, getsin, qol çəksin, tezləşdirsin. Aldığım cavab ancaq söyüşlər idi.