Nazirlikdən bildirilib ki, əgər şagird məktəbə gəlib-getməsi üçün təhlükəsizliyinin təmin olunması məqsədilə məktəbə telefon gətirirsə, həmin telefon şagirddən alınıb təhlükəsiz yerdə saxlanılır və dərs məşğələləri bitdikdən sonra ona qaytarılır.
Azərbaycanda "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın tətbiq edildiyi məktəblərdə şagirdlərin sinifə mobil telefonla daxil olmasına qadağa qoyulub. Bu barədə Sputnik Azərbaycan-ın sorğusuna Elm və Təhsil Nazirliyindən verilən cavabda bildirilib.
"Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nın 5.4-cü bəndinə görə şagird ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir. Bu "Qaydalar" hal-hazırda da qüvvədədir. Şagird əgər məktəbə gəlib-getməsi üçün təhlükəsizliyinin təmin olunması məqsədilə məktəbə telefon gətirirsə, həmin telefon şagirddən alınıb təhlükəsiz yerdə saxlanılır və dərs məşğələləri bitdikdən sonra ona qaytarılır. Bu qayda ancaq pilot olaraq tətbiq edilən məktəblərə aiddir", - deyə cavabda qeyd olunur.
Qeyd edək ki, Rusiyanın Federasiya Şurası məktəblərdə telefondan istifadəni məhdudlaşdıran qanunu təsdiqləyib. Telefonlar yalnız fövqəladə hallarda - məsələn, tələbələrin və müəllimlərin həyatı və ya sağlamlığı üçün təhlükə yarandıqda istifadə edilə bilər.