Bu gün sosial şəbəkələr reklam baxımından ən əlverişli vasitədir. İnsanlar da bundan istifadə edərək əl işlərini və bacarıqlarını nümayiş etdirib, satışa çıxarırlar. Sosial şəbəkələrdə, hətta narkotik satışı ilə məşğul olanlara da rast gəlinir.
Daha bir qaranlıq məsələ isə insanların daxili orqanlarının satışı ilə bağlıdır. Xüsusilə, “Instagram”da orqanların satışı ilə bağlı tez-tez rast gəlinən elanlara qiymətlər də əlavə edilir. Sosial şəbəkələrdə qan satışından ürəyə qədər, bütün orqanların satışı təklif olunur.
Bununla yanaşı, qadınların və həkimlərin folekullarla bağlı paylaşdıqları elanlar da çoxluq təşkil edir. Yəni qadınlar öz folekullarını müəyyən pul qarşılığında satır, eyni zamanda, həkimlər müəyyən şərtlərlə, müəyyən məbləğ qarşılığında folekul donoru axtardıqlarını elan edirlər. Belə məlum olur ki, folekulları alan ginekoloqlar süni mayalanma əməliyyatları edərkən həmin folekulları övlad sahibi olmaq istəyən qadınlara daha yüksək qiymətə satırlar.
Halbuki orqanların reklamı, satışı qanunla qadağandır.
Xatırladaq ki, ötən il “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” yeni qanun qəbul olunub. Bu qanun imkan verir ki, qohum olmayan şəxslərdən, eyni zamanda meyitdən də orqan donorluğu götürülməsi tətbiq olunsun.