“Dəmiryol nəqliyyatının yüksək təhlükəli zonalarında vətəndaşların olması, obyektlərin yerləşdirilməsi və işlərin aparılması Qaydaları” təsdiqlənib.
Nazirlər Kabineti bu barədə qərar verib.
Bu Qaydalar fiziki şəxslərə, o cümlədən dəmiryol nəqliyyatı xidmətlərindən istifadə edən sərnişinlərə, habelə fəaliyyətləri dəmiryol nəqliyyatının yüksək təhlükəli zonalarında obyektlərin yerləşdirilməsi və işlərin aparılması ilə əlaqəli olan fərdi sahibkarlara və hüquqi şəxslərə şamil edilir.
Dəmir yolunu nəqliyyat vasitəsi ilə və ya piyada keçmə zamanı “Yol hərəkəti haqqında” qanuna riayət edilməlidir. Dəmir yolunu nəqliyyat vasitəsi ilə və ya piyada keçməyə xüsusi təchiz edilmiş yerlərdən istifadə etməklə yol verilir. Dəmir yolunu nəqliyyat vasitəsi ilə və ya piyada keçmə zamanı bunun üçün xüsusi təchiz edilmiş piyada keçidlərindən, körpülərdən, tunellərdən, dəmiryol keçidlərindən, yol ötürücülərindən istifadə edilməli və bu zaman texniki vasitələrlə və ya dəmiryol nəqliyyatı işçiləri tərəfindən verilən işarələr (siqnallar) diqqətlə izlənilməlidir. Körpülər və tunellər olmayan stansiyalarda piyadalar dəmir yollarını keçid döşənəyi olan yerlərdən keçməlidirlər. Piyadalar keçid döşənəyindən keçməmişdən əvvəl yaxınlaşmaqda olan hərəkət tərkibinin olmadığına əmin olmalıdırlar. Piyadalar dəmir yolunu keçmək üçün hərəkət tərkibi yaxınlaşdıqda dayanaraq gözləməli və yalnız o, keçib getdikdən və qonşu dəmir yollarında hərəkətdə olan hərəkət tərkibinin olmadığına əmin olduqdan sonra keçməlidirlər. Piyadalar dəmiryol keçidindən keçərkən işıq, səs və dəmiryol nəqliyyatı işçilərinin işarələrini (siqnallarını), eləcə də şlaqbaumun vəziyyətini diqqətlə izləməli və dəmir yolunu yalnız hərəkətdə olan hərəkət tərkibinin olmadığı təqdirdə, şlaqbaumun açıq vəziyyətində, şlaqbaum olmadıqda isə hərəkət tərkibinin keçidə yaxınlaşmadığına əmin olduqdan sonra keçməlidirlər.
Yüksək təhlükəli zonalarda olan vətəndaşlar tərəfindən aşağıdakı hərəkətlərə yol verilməməlidir:
- sərnişin platformasının və ya hərəkət tərkibinin altına girmək;
- vaqonların arasındakı avtomatik qoşucuların üzərinə çıxmaq və ya altına girmək;
- stansiyaya gələn, stansiyadan gedən və ya dayanmadan keçən qatarın vaqonları ilə sərnişin platforması boyunca yanaşı qaçmaq;
- platforma hüdudunda hərəkətdə olan qatar tam dayananadək platformanın hüdud xəttini keçmək;
- azyaşlı uşaqları nəzarətsiz buraxmaq və hərəkətli oyunlar keçirmək;
- sərnişin platformasından dəmiryol xətlərinin üzərinə düşmək;
- şlaqbaumun olub-olmamasından və ya açıq, yaxud bağlı vəziyyətdə olmasından asılı olmayaraq, keçid siqnalizasiya işıqforunun qadağanedici göstəricisi zamanı dəmiryol keçidindən keçmək;
- kontakt şəbəkəsinin, hava xətlərinin, süni qurğuların xüsusi konstruksiyalarına və dayaqlarına çıxmaq;
- kontakt şəbəkəsinin, hava elektrik ötürmə xətlərinin dayaqlarına və xüsusi konstruksiyaları ilə gedən naqillərinə toxunmaq;
- dəmir yolunun ərazisində yerə düşmüş elektrik naqillərinə yaxınlaşmaq;
- sərxoş vəziyyətdə olmaq;
- dəmiryol nəqliyyatının hərəkət tərkibini, infrastruktur obyektlərini zədələmək;
- nişanları, göstəriciləri və ya digər informasiya daşıyıcılarını zədələmək, çirkləndirmək, qabağını kəsmək, özbaşına yerləşdirmək və çıxarmaq;
- dəmiryol xətlərinin üzərinə əşyalar qoymaq;
- insanlara xəsarət yetirə bilən müvafiq qablaşdırması və ya örtüyü olmayan əşyaları üzərində daşımaq;
- nəzərdə tutulmuş yerlərdən kənar nəqliyyat vasitəsi ilə və ya piyada keçmək;