Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 27 aprel 2020-ci il tarixli qərarları ilə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 57.1-ci və 57.3-cü maddələrinə əsasən “Atabank” ASC, “AGBank” ASC, “NBCBank” ASC və “Amrahbank” ASC-yə müvəqqəti inzibatçılar təyin olunmuş, bu bankların idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçmişdir. Daha sonra Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarı ilə həmin banklardan ikisinin - “Atabank” ASC-nin və “Amrahbank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilmişdir.
Bu qərarların qəbul edilməsindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən müvəqqəti inzibatçı təyin edilmiş “AGBank” ASC və “NBCBank” ASC-də qanunvericiliklə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi davam etdirilmiş, müvafiq qiymətləndirmələr aparılmışdır.
“NBCBank” ASC-də müvəqqəti inzibatçı tərəfindən aparılmış qiymətləndirmələr bir daha həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapitalın tam itirildiyini, likvidliyi ilə bağlı ciddi problemlərinin olduğu təsdiq olunmuş, əmanətlər üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi və banka tətbiq edilmiş təshih tədbirlərinə riayət edilmədiyi məlum olmuşdur. “NBCBank” ASC tərəfindən tətbiq edilmiş riskli və qeyri-prudensial kredit siyasəti nəticəsində, Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanəti Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditləri istisna edilməklə, 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 54%-i (73 mln. manat) qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 24 mln. manat təşkil etmişdir. Kapital mövqeyinin bərpası üçün 74 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu. Bundan əlavə, müvəqqəti inzibatçı tərəfindən müəyyən edilmişdir ki, bank təqdim etdiyi prudensial və statistik hesabatları davamlı olaraq təhrif etmişdir.
“AGBank” ASC-də də müvəqqəti inzibatçı tərəfindən aparılmış dəqiqləşdirmələr həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğunu, kapital mövqeyinin tam itirildiyi təsdiq edilmiş və daha da pisləşdiyi məlum olmuşdur. 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 51%-i qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 mln. manat təşkil etmişdir. Kapital mövqeyinin bərpası üçün 212 mln. manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu.
Qeyd olunanları nəzərə alaraq, kapitallarını tam itirdiklərinə, kreditorları qarşısında öhdəliklərini yetirə bilmədiklərinə, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiklərinə görə Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 12 may 2020-ci il tarixindən etibarən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci və 16.1.9-cu maddələrinə əsasən “AGBank” ASC-nin və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.8-ci, 16.1.9-cu və 16.1.16-cı maddələrinə əsasən “NBCBank” ASC-nin lisenziyaları ləğv edilmiş və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunmuşdur.