Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ramil İdris oğlu Usubovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Pravda.az Ramil Usubov barədə məlumatları təqdim edir.
Ramil İdris oğlu Usubov 22 dekabr 1948-ci ildə Xocalıda anadan olub. 1966-cı ildən 1968-ci ilə qədər Sovet İttifaqı Silahlı Qüvvələrinin Şərqi Almaniyada yerləşən hərbi bazalarının birində həqiqi hərbi xidmətdə olub. Ramil Usubov 1972-ci ildə N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirib. 1970-ci ildə daxili işlər orqanlarında xidmət etməyə başlayıb, cinayət-axtarış strukturlarında xidmət aparıb, 1975-ci ildən 1980-ci ilə qədər Şuşa rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin rəisi, 1980–1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984–1987-ci illərdə isə Əli-Bayramlı (hazırkı Şirvan) şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrdə çalışıb. 1987-ci ildə Naxçıvan MSSR daxili işlər naziri vəzifəsinə təyin edilib. Həmin ildən 1991-ci ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin rəisi, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992–1993-cü illərdə isə burada Kadrlar İdarəsinin şöbə rəisi olub.