Azərbaycan Ağsaqqallar Şurasının Ümumi yığıncağı keçirilib.
Pravda.az xəbər verir ki, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin sədri və üzvlərinin, təşkilatın Aparat əməkdaşlarının, Şuranın 77 şəhər və rayon təşkilatından olan nümayəndə heyətlərinin, həmçinin ölkəmizin tanınmış alimlərinin, ziyalılarının və gənclərin iştirakı ilə keçirilən Ümumi yığıncaq Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Ulu Öndər Heydər Əliyevin, Vətənimizin ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman şəhidlərimizin və ötən dövr ərzində vəfat edən Azərbaycan Ağsaqqallar Şurasının üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin 20 illlik uğurlu fəaliyyətindən və misilsiz xidmətlərindən bəhs edən videoçarxın nümayişindən sonra Ümumi yığıncaq öz işinə başlayıb. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev giriş nitqi ilə çıxış edərək qonaqları salamlayıb. O, öz çıxışında Azərbaycan Ağsaqqallar Şurasının 2023- cü ildəki fəaliyyətindən danışaraq bildirib ki, cari il ərzində təşkilat ölkəmizdəki ictimai-siyasi proseslərdə yaxından iştirak etməklə xalqımızın milli mənafeyinə xidmət göstərib. Qarşıya qoyulan əsas məqsəd ölkənin ictimai-siyasi, sosial-iqtisadi və humanitar inkişafına, cəmiyyət həyatının müxtəlif məsələlərinin həllinə ağsaqqalların töhfəsini təmin etmək, xüsusilə yeniyetmə və gənclərin Vətənə, xalqa, dövlətə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində ağsaqqalların üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək, əxlaqi normaların və sağlam həyat tərzinin təbliğini geniş şəkildə həyata keçirmək olub. Əlavə edib ki, Azərbaycan Ağsaqqallar Şurasının 2023-cü ildəki fəaliyyətinin yekunlarına dair Hesabatı geniş şəkildə kitabça formasında çap olunaraq tədbir iştirakçılarına paylanılıb.
Sonra Eldar Quliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin Azərbaycanı siyasi, iqtisadi və hərbi cəhətdən qüdrətli, beynəlxalq səviyyədə söz sahibi olan dövlətə çevirməsini xüsusi olaraq qeyd edib. Vurğulayıb ki, 35 min üzvü olan Azərbaycan Ağsaqqallar Şurası bu gün Ümumi yığıncaq keçirərək Prezident İlham Əliyevin siyasətinin davam etdirilməsini tarixi zərurət hesab edir.
Ümumi yığıncaqda, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının Nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib.
Sonra tədbirdə Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədrin müavini, millət vəkili, professor Eldar İbrahimov, həmçinin Şuranın İdarə Heyətinin üzvləri - akademik Abel Məhərrəmov, professor Misir Mərdanov və başqaları çıxış edərək Şuranın cari ildəki fəaliyyətini qənaətbəxş hesab ediblər. Bildiriblər ki, təşkilatın hər bir üzvü qüdrətli, müasir, zəngin ölkəmizin memarı olan güclü və alternativsiz Liderin-İlham Əliyevin uğurlu yolunun davam etdirilməsini dəstəkləyir.
Ümumi yığıncağın sonunda İlham Əliyevin prezidentliyə namizədliyinin dəstəklənməsinə dair Azərbaycan Ağsaqqallar Şurasının Bəyanatı qəbul olunub və tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Bəyanatda deyilir:
"Azərbaycan Ağsaqqallar Şurası xalqımızın mütərəqqi tarixi ənənələrinin, zəngin milli-mənəvi dəyərlərinin qorunması işinə daim öz töhfəsini verməyə çalışır. Ağsaqqal xeyir-duası hər bir azərbaycanlı üçün böyük məna daşıyır. Cəmiyyətdə ictimai münasibətlərin tənzimlənməsində ağsaqqal sözünə hər zaman ehtiyac duyulub. Xalqımız həmişə müdrikliyə arxalanıb, tarixin ən həlledici anlarında müdrik seçimlər Azərbaycanı böyük bəlalardan qoruyub. 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan tarixində bu gün əldə olunan bütün uğurların təməlini qoyub.
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqı qarşısında misilsiz xidmətlər göstərmiş nəhəng tarixi şəxsiyyətdir, o, özündən sonra böyük siyasi irs miras qoyub.
Heydər Əliyevin xalqımıza bəxş etdikləri saysız-hesabsızdır, o həm də Azərbaycan xalqına İlham Əliyev kimi oğul bəxş edib!