İctimai-siyasi hadisələrin cərəyan elədiyi dönəmlərdə hakimiyyət daxilindəki 5-ci kolon fəallaşır və öz missiyasını yerinə yetirmək üçün fəaliyyətə keçir. Əksər vaxtlarda uğursuzluğa düçar olan bu cür cəhdlərin arxasında siyasi qüvvələr dayanır. Onların isə piar üçün kifayət qədər media resursları mövcuddur. Avropaya sığınan “dost”larını informasiya ilə təmin edən 5-ci kolon feyk xəbərlərlə Azərbaycanda ictimai-siyasi atmosferə zərbə vurmaq istəyir. Avropada Azərbaycan əleyhinə aparılan təbliğatın arxasında dayanan qüvvələr öz hərəkətlərini xarici kəşfiyyat orqanlarından aldıqları tezislərə uyğun koordinasiya edirlər.
Onların üzərinə düşən əsas vəzifələrdən biri və elə birincisi də Azərbaycana düşmən mövqe sərgiləyən blogerlərə informasiya ötürməkdir. Avropadakı “vətənpərvərlər” bəzən elə məlumatlar səsləndirirlər ki, bunu hakimiyyətdə təmsil olunanlardan başqa heç kəsin bilməyi mümkün deyil. Bəs Azərbaycandan 5-10 min km kənarda yaşayan blogerlər dövlət əhəmiyyətli məlumatları kimdən və haradan alırlar?
Yenə yada hakimiyyətdə təmsil olunan 5-ci kolonun nümayəndələri düşür. “Bulanıq suda balıq tutmağa” həvəsli görünən bu tiplər xarici ölkələrin kəşfiyyatı qarşısında götürdükləri öhdəliyi yerinə yetirmək üçün dərhal hərəkətə keçir və Azərbaycan cəmiyyətində narahatlıq yaratmaqdan ötrü öz çirkin planlarından maksimum istifadə edirlər.
5-ci kolon yenə iş başındadır. Növbədənkənar prezident seçkiləri ərəfəsi hərəkətə keçən həmin qüvvələr indidən ölkədə “kadr dəyişikliyi”nə start veriblər. Nazirləri bir-bir “dəyişən” həmin qüvvələr blogerlərə “pas” verməklə ictimai fikri çaşdırmağa çalışırlar. Guya seçkilərdən sonra Daxili işlər naziri Vilayət Eyvazov vəzifəsindən azad ediləcək, Prezidentin Mühafizə İdarəsinin rəisi Bəylər Eyyubov təqaüdə göndəriləcək. Cəmiyyətdə digər güc strukturları ilə bağlı yaydıqları feyk məlumatlar da birmənalı qarşılanmır. Əvvəla, onu qeyd edək ki, adıçəkilən şəxslər sıradan biri deyil, dövlət qarşısında mühüm xidmətlər göstərən yüksək rütbəli dövlət adamlarıdır. Deməli, belə şəxslərin adının çəkilməsi təsadüfi deyil.