Dövlət Təhlükəsizliyi Xidmətinin rayon icra hakimiyyətlərində apardığı uğurlu əməliyyatlar və rüşvətxorluq faktlarını aşkara çıxarması bəzi rayon başçılarında ciddi narahatlıq yaradıb.
Pravda.az-ın xəbərinə görə, uzun müddətdir “ənənəvi qaydada” fəaliyyət göstərənlərdən biri də Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevdir.
Artıq V.İsayevin göstərişi ilə ictimai işə cəlb edilən şəxslərin kartlarının “qaytarılması” prosesinə başlanılıb. Qeyd edilir ki, ictimai işlərə cəlb edilən şəxslər Bərdə şəhər bələdiyyəsinə dəvət edilir və onlardan “izahat” da alınır. İzahatda isə sözügedən şəxslər “könüllü olaraq” bildirirlər ki, maaş kartları hər zaman “özlərində” olub, heç vaxt icra başçısının seyfində saxlanılmayıb.
Bu gülünc izahatın niyə alındığı və hansı qara gün üçün saxlanıldığı bəlli olmasa da, bu, Bərdə İH-nin ilk belə cəfəng “əməliyyatı” deyil. Bir müddət öncə İsmayıllı rayon icra başçısının karantin rejimini pozduğuna görə Prezident sərəncamı ilə töhmət almasının ardınca Bərdə icra başçısının onlayn konfransa tibbi maska ilə çıxması birmənalı qarşılanmamışdı. Onlayn konfrans zamanı tibbi maskadan istifadə tələb etməsi başçını gülüş hədəfinə çevirmişdi.
Müəllimlərin maaşı kəsildi
Bərdə rayonu ilə bağlı daha bir məlumat isə orta məktəb müəllimlərinin maaşının kəsilməsidir. Rayondakı mənbənin verdiyi məlumata görə, DTX-nın ciddi əməliyyatlarına baxmayaraq, Bərdə məktəblərində müəllimlərdən pul yığılması bu ay da davam edib. İddia olunur ki, müəllimlərə onsuz da işləmədikləri, onlayn dərs keçmək imkanlarının da məhdud olduğu bildirilərək, “aldıqlarına şükür etmələri” məsləhət görülüb.