Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin və Laçın Abadlıq xidmətinin birgə təşkilatçılığı ilə Laçın şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş növbəti - "Böyük Qayıdış: Heydər Əliyev dühası" adlı tədbir təşkil edilib.
Dövlət Komitəsindən Pravda.az-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə “Laçın” kinoteatrının foyesində Ulu Öndərin məcburi köçkünlərlə görüşlərindən, həmçinin onların həyat şəraitinin yaxşılaşdırılması üçün görülmüş işlərdən bəhs edən fotosərgiyə baxıblar.
Rəsmi hissə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canını qurban verən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Dövlət Himni səsləndirilib.
Müstəqil respublikamıza rəhbərlik etdiyi dövrdə Qarabağ və Şərqi Zəngəzur torpaqlarının işğaldan azad edilməsi üçün fədakarlıqla çalışan Ulu Öndər Heydər Əliyevin bununla bağlı arzularının artıq gerçəkləşdiyini qeyd edən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov işğaldan azad edilmiş bütün ərazilərdə, o cümlədən Laçında hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını diqqətə çatdırıb.
Milli Məclisin deputatı Mahir Abbaszadə Ümummilli Liderin müstəqil dövlətçilik xəttinin, o cümlədən qaçqınlar və məcburi köçkünlərlə bağlı siyasətinin nəinki ölkəmiz üçün önəmli, eyni zamanda, bütün dünya üçün örnək olduğunu vurğulayıb.
Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov doğma yurdundan didərgin düşən həmvətənlərimizlə iş sahəsində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müdrik və düşünülmüş siyasətin uğurlu nəticələrindən danışıb, Dövlət Proqramının icrası çərçivəsində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun artırılması istiqamətində məqsədyönlü, təsirli tədbirlər həyata keçirdiyini bildirib.
“Bakı Abadlıq Xidməti”nin direktor müavini Nəsimi Əsədov Ulu Öndərin xalqımıza bəxş etdiyi nailiyyətlər barədə fikir bildirib, Prezident İlham Əliyevin tapşırığı ilə Laçın şəhərində aparılan bərpa-quruculuq işləri barədə ətraflı məlumat verib.