İki il əvvəl kirayə qaldığı evin sahibini öldürməkdə təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilmiş Polad İsmayılova bəraət verilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə Şəki Apellyasiya Məhkəməsi qərar qəbul edib.
Rövşən Rəfiyevin sədrlik etdiyi hakimlər heyəti müttəhimin cinayəti törətməsinə əsas verən yetərli sübutlar olmadığı qənaətinə gəlib.
Həmçinin müdafiə tərəfinin, vəkil Zabil Qəhrəmanovun ortaya qoyduğu sübutlar məhkəmə üçün yetərli olub. Məsələn, zərərçəkmiş Seyran Əyyubova öldürülən vaxt hadisə yerindən başqa şəxsə məxsus 3-cü qrup qan nümunəsi tapılıb. Vəkilin sözlərinə görə, ekspert isə ovaxtkı rəyində göstərib ki, Polad İsmayılovun qanı ilə həmin qan eyni şəxsə məxsusdur. Əsas ziddiyyət də bundadır. Çünki P.İsmayılovun qanı 1-ci qrupdur.