Dünyada düyünün qiyməti son 15 ilin ən yüksək səviyyəsinə qalxıb. Belə ki, Tailand ağ düyüsünün qiyməti artaraq bir ton üçün 659 dollara çatıb. Sonuncu dəfə belə göstərici isə 2008-ci ilin oktyabr ayında qeydə alınıb. Qiymət artımına səbəb olaraq havaların quraq keçməsi və əsas düyü tədarükçüsü olan Hindistanın ixracı məhdudlaşdırması göstərilir.
Statistikaya görə, 2022-ci ildə ölkəmizə idxal olunan düyünün 74,8%-i Hindistanın, 11,5%-i Qazaxıstanın, 8,3%-i Rusiyanın, 2,4%-i Tailandın, 2,1%-i Pakistanın, 0,9%-i isə digər ölkələrin payına düşüb.
Qlobal bazarda 2022-ci ildə düyü ixracı 28,9 milyon ton və ya 23,3 milyard ABŞ dolları olub. Dünya üzrə ixrac olunan düyünün 80%-dən çoxu Hindistan, Tailand, Vyetnam, Pakistan, ABŞ, Çin, İtaliya, Myanma, Braziliya və Belçikanın payına düşüb. Düyü idxalı üzrə ilk beşlikdə isə Çin (10,9%), ABŞ (5,9%), Filippin (5,3%), Kot-d İvuar (3,4%) və İraq (3,1%) yer alıb. Bəs bütün bu proseslər Azərbaycanda düyünün qiymətinə təsir edəcəkmi? Məsələ ilə bağlı Oxu.Az-a danışan Xalid Kərimli bildirib ki, Azərbaycanda da düyünün qiyməti dəyişəcək:
“Azərbaycanın düyü idxalında əhəmiyyətli yeri Hindistan tutur. Ölkəmizə düyü Rusiya, İran, Mərkəzi Asiyadan gətirilsə də, 70-80 faizi Hindistanın payına düşür. Dünya ölkələrinə düyü ixracının 40 faizini Hindistan təşkil edir. Bildiyiniz kimi, bu il Hindistan öz düyü bazarını qorumaq üçün ixracına 20 faiz məhdudiyyət tətbiq etdi. Bunun səbəbi iqlim dəyişikliyi idi. Bu da təbii ki, Azərbaycanda qiymətlərə öz təsirini göstərdi və qiymətlərin artmasına səbəb oldu. Bu prosesin davam edəcəyi proqnozlaşdırılır”.
Xatırladaq ki, 2021-2022-ci illərdə ölkəmizdə düyünün bir kiloqramının sahədən və ya topdansatış qiymətləri 1,87-2,83 manat arasında dəyişib.