Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinin təbliğat mərhələsinə rəsmi qaydada start verilməsə də, tərəflər artıq bir-birilərinin “bostanına daş atmağa” başlayıblar. Bu dəfə isə “açılışı” hakim partiya edib. YAP-çı deputat Siyavuş Novruzovun prezidentliyə namizəd, Sosial Tədqiqatlar Mərkəzinin (STM) sədri Zahid Oruc barəsində dediyi sözlər analitiklər üçün uzaqgörən nəticələr çıxarmağa əsas verir. YAP-ın ən stajlı deputatlarından olan Siyavuş Novruzov fevralın 7-də namizəd olmağa hazırlaşan STM sədrinin şansını dəyərləndirib. O, Z.Orucun seçicilərin 0,1%-nin səsini alacağını iddia edib.
Riyazi hesablamaların nəticəsində seçicilərin 0,1%-nin, təxminən, 6.000 nəfər etdiyi məlum olur. Azərbaycan Prezidenti olmaq istəyən bir şəxsin bu qədər kiçik sosial dəstəyə malik olduğunu iddia etmək isə müzakirəsiz ötüşə bilməzdi. 2018-ci ildə keçirilən prezident seçkilərində seçicilərin 3,12%-nin (122.956 səs) səsini alan Z.Orucla bağlı bu qədər bədbin proqnozun ortaya çıxmasına səbəb nədir? Deputatın hansı əməli onun səslərinin təxminən 20 dəfə azalmasına səbəb olub?
“Yeni Sabah” məsələnin təfərrüatını araşdırıb. Həmsöhbət olduğumuz analitiklər məlum proqnozun ortaya çıxmasını S.Novruzovun xarakteri ilə əlaqələndiriblər. Onlar “acıdil adam” kimi xarakterizə etdikləri YAP-çı deputatın iddialarının arxasında çox vaxt konkret arqumentlərin dayanmadıqlarını vurğulayıblar.