Bəzi kütləvi informasiya vasitələrində Şəki Apellyasiya Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən İsmayılov Polad Şəmsəddin oğluna bəraət verilməsinə dair məlumatlar yayılmaqdadır.
Bu barədə Baş Prokurorluğun bununla bağlı yaydığı açıqlamada qeyd olunub. Bildirilib ki, Zaqatala rayon sakini Əyyubova Seyran Şakir qızının yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlanması faktı ilə əlaqədar 24.02.2011-ci il tarixdə Zaqatala rayon prokurorluğunda cinayət işi başlanıb və cinayət işi üzrə istintaq zamanı əldə edilmiş sübutlar əsasında 27.02.2020-ci il tarixdə Polad İsmayılova Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham elan edilməklə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işi ittiham aktı ilə baxılması üçün məhkəməyə göndərilmiş və Şəki Ağır Cinayətlər Məhkəməsinin 09.04.2021-ci il tarixli hökmü ilə Polad İsmayılov həmin maddə ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Şəki Apellyasiya Məhkəməsinin 10.02.2022-ci il tarixli qərarı ilə müdafiə tərəfinin apellyasiya şikayəti təmin edilməyib və hökm qüvvəsində saxlanılıb.