Bir müddət öncə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin rəhbəri Eşqi Bağırov qeyd edib ki, şagird sayı az olan məktəblərin uşaqlarının yaxın ərazidə yerləşən digər təhsil müəssisələrinə daşınması nəzərdə tutulur.
"Belə təcrübə hazırda da var. Lakin bəzi hallarda biz çalışırıq ki, bu tip hallar minimum sayda olsun. Məsələn, məktəblər əgər təmirə bağlanırsa, biz daşınmanı təmin edirik. Bu tipli məsələlərdə də həmin vəsaitlərin daha səmərəli istifadəsi məqsədilə uşaqların daşınmasını təmin etmək şərtilə onların daha yaxın ərazidə yerləşən məktəblərə cəlbini məqsədəmüvafiq hesab edirik", - deyə o əlavə edib.
Elm və təhsil naziri Emin Əmrullayev şagird sayı 0-30 olan məktəblərdə bir şagirdə ildə 7 min manat vəsait xərcləndiyini, bir şagirdi olan məktəbə isə ildə 64 min manat vəsait köçürüldüyünü bildirmişdi.
Bəs məktəblərin bağlanması və ya birləşdirilməsi təhsilə necə təsir göstərəcək?
Pravda.az xəbər verir ki, məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov Trend-in suallarını cavablandırarkən bildirib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil müəssisələrinin rasionallaşdırılması nəzərdə tutulur.
"Məlumat üçün deyim ki, eyni ərazidə elə məktəblər var ki, orada şagird sayı azdır. Bir kənddə yerləşən bir neçə məktəbdə şagird sayı kəskin azalıb, eyni ərazidə yerləşdiyi üçün həmin məktəblərin birləşdirilməsi nəzərdə tutulur. Eyni zamanda, tam orta təhsili təmin etmək üçün ümumi orta məktəblərin tam orta təhsil məktəblərinə çevrilməsi də həmin ərazidə olan ehtiyacdan irəli gəlir.
Bu istiqamətdə əsas məqsəd təhsilalanın yaşadığı ərazidə tam orta təhsil alması üçün müvafiq şəraitin yaradılmasıdır. Bununla bağlı işlər görülərkən, addımlar atılarkən ilk növbədə məktəbin yerləşdiyi ərazi və tələbat öyrənilir. Bu kimi işlər araşdırıldıqdan sonra qərar qəbul edilir.
Elm və Təhsil Nazirliyinin fəaliyyətinə nəzər salanda görürük ki, məktəblərin optimallaşdırılması ilə bağlı islahatlar davam edir. Hesab edirəm ki, əhalinin sıx olduğu yerlərdə yeni məktəblərin tikintisi şagird sayının kəskin azalmasına səbəb ola bilər. Həmçinin, birdən çox məktəbə ehtiyac duyulmayan yerlərdə məktəblər birləşdirilə bilər. Bu, normal haldır. Azərbaycanın Respublikasının Konstitusiyasında və həmçinin, "Təhsil haqqında" Qanunda qeyd olunur ki, təhsilin əlçatanlığı mütləq şəkildə təmin olunmalıdır. Yəni məktəb yaşına çatmış hər bir şəxs icbari şəkildə təhsil prosesinə cəlb edilməlidir və bu, dövlətin öhdəliyi, borcudur".