BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda bir neçə siyasi partiyanın qeydiyyatı ləğv ediləcək

Azərbaycanda bir neçə siyasi partiyanın qeydiyyatı ləğv edilir.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, belə partiyaların sayı 10-na yaxındır.

 

Ləğv ediləcək partiyalar Mərkəzi Seçki Komissiyasına (MSK) illik maliyyə hesabatı verməyənlərdir.

 

Belə ki, dövlət qeydiyyatına alınan 55 siyasi partiyadan cəmi 40-ı MSK-ya 2019-cu il üzrə maliyyə hesabatı verib. Hesabat təqdim etməyənlər Milli Demokrat İdrak Partiyası, Müstəqil Azərbaycan Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası (Rəsmi sədri yoxdur), Azərbaycan Vahid Kommunist Partiyası, Sosial Ədalət Partiyası, Milli Konqres Partiyası, Ədalət Partiyası, Azərbaycan Azad Respublikaçılar Partiyası, Azadlıq Partiyasıdır. Bu partiyalardan bəziləri 5 ildir, hesabat vermirlər.

 

MSK hər il aprelin 1-dək maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir. İndiyədək isə belə addım atılmayıb. MSK sədri Məzahir Pənahov bunu bir müddət öncə, belə əsaslandırmışdı: “"Mərkəzi Seçki Komissiyasına illik maliyyə hesabatı təqdim etməyən siyasi partiyaların məsələsini qaldıra bilərik. Buna səlahiyyətimiz də çatır. Beynəlxalq təşkilatlarla müzakirəmiz ondan ibarət olub ki, siyasi partiyaların qeydiyyatının ləğv edilməsinə səbəb olmayaq. Çünki beynəlxalq aləmdə siyasi partiyanın fəaliyyətinin dayandırılması ilə bağlı informasiya neqativ qəbul olunur. Onlara deyə bilməzsən, bu siyasi partiyanın nə rəhbəri, nə də ünvanı var. Onlar belə partiyanın olmasından xəbərsizdirlər, amma bağlanmasını normal qarşılamırlar. Düşünürlər ki, necə yəni, siyasi partiya fəaliyyətsiz olub və qeydiyyatı ləğv edilib?! Hesabat təqdim etməyən siyasi partiyanın varlığı ilə yoxluğunun bizim üçün fərqi yoxdur. Amma Ədliyyə Nazirliyi qarşısında məsələ qaldırılsa ki, partiyanın qeydiyyatı ləğv edilsin, bu informasiyanın arxasında nə dayandığı heç kəsi maraqlandırmır. Hamı deyəcək ki, Azərbaycanda siyasi partiyanın qeydiyyatı ləğv edildi. Baxmırlar ki, Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatı təqdim etməyən siyasi partiyalar 10-15 ildir fəaliyyətsizdir. Bu istiqamətdə müzakirələrimiz davam etdirilir. Biz beynəlxalq təşkilatlarla bu istiqamətdə ciddi şəkildə işləyirik. Onlar bizim siyasi partiyalarla işimizi təqdir edirlər, hesabatlarına salıblar".

 

Azərbaycanda bəzi partiya rəhbərlərinin Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə görüşündən sonra 4 partiya dövlət qeydiyyatına alındı. Bunlar Azad Demokratlar Partiyası, Yeni Zaman Partiyası, Müstəqil Xalq Partiyası və Cümhuriyyət Xalq Partiyasıdır. Daha bir neçə partiyanın da qeydiyyata alınması gözlənilir. Həmin partiyalardan biri ReAl Partiyadır.

 

Hökumət fəaliyyəti olmayan partiyaların fəaliyyət göstərməsində maraqlı deyil. Yeni qeydiyyat ləğv edilənləri kompensasiya edəcək. Bir sözlə, yeni konfiqurasiyada fəaliyyətsiz təşkilatların yeri görünmür.

 

Kənan Mirzəyev

Tarix: 13 May 2020, 07:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin