Məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin sertifikatlaşması test və müsahibədən ibarət olmaqla iki mərhələdə aparılacaq.
Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda əksini tapıb.
Qeyd olunub ki, test imtahanı mərhələsində təhsilverənlərə məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 (altmış) sual təqdim edilir.
Test imtahanı mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir. Proqram təminatı hər bir təhsilverənə fərdi test variantı təqdim edir.
Test imtahanı mərhələsinə 120 dəqiqə vaxt ayrılır. Bu zaman fasilə verilmir.
Test imtahanı mərhələsində hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.
Test imtahanı mərhələsinin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test imtahanı mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir.
Test imtahanı mərhələsində azı 30 (otuz) bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində hər bir təhsilverənə 20 (iyirmi) dəqiqə vaxt ayrılır.