Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Repatriasiya Departamenti tərəfindən keçirilən tender müsabiqələrinin icra müddəti başa çatsa da, nəzərdə tutulan işlərin yerinə yetirilməsi ilə bağlı məlumat açıqlanmayıb.
Yeniavaz.com xəbər verir ki, “Qaçqınkom” bu ilin noyabr ayını 28-də 270 məcburi köçkün ailəsinin, dekabr ayının 7-də isə 180 ailənin Şuşa şəhərinə köçürülməsi barədə tender müsabiqəsinə başlayıb. Tender müsabiqələrinin qalibi “Evakuator.Az” MMC (VÖEN – 1503392351) olub.
Müsabiqənin şərtlərinə görə, “Evakuator.Az” MMC “Qaçqınkom”dan 246 min 600 manat alaraq 270 məcburi köçkün ailəsini 21-30 dekabr tarixlərində, 176 min 400 manat alaraq 180 məcburi köçkün ailəsini isə 28-30 dekabr tarixlərində Şuşa şəhərinə köçürməli idi.
Qeyd edək ki, bu gün tender müsabiqəsində nəzərdə tutulan icra müddəti başa çatır. Lakin, Şuşa şəhərinə köçlə bağlı hər hansı rəsmi, ya da qeyri rəsmi məlumat açıqlanmayıb.