2023-cü illə vidalaşırıq. Bu il yaddaşımızda həm də bahalaşma ilə qalacaq. İnflyasiyanın ən çox zərbə vurduğu sahələrdən biri də daşınmaz əmlak bazarı və mənzil kirayəsi sektorudur. Vətəndaşlar da, ekspertlər də mənzil qiymətlərindən şikayətçidirlər. Bəs 2024-cü ildə bu sahədə bizi nə gözləyir? Ev sahibi olmaq istəyən şəxslərin bu il üzü güləcəkmi? “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
“Gələn il kirayələr ucuzlaşacaq”
Əmlakçı Samir Rüstəmov bildirib ki, gələn il bu sektorda ciddi qiymət artımları gözlənilmir:
“2023-cü ildə qiymətlər onsuz da qalxıb. Amma 2024-cü ildə yenitikililərdə çox da artım olacağını gözləmirəm. Köhnə tikililərin qiymətində az da olsa artım var. Hazırda bazarda durğunluqdur. Bu zaman çox da böyük artımlar olmur. Kirayə bazarında isə qiymətlər fantastik həddədir. Əvvəl 450-500 manata olan evlərin qiyməti indi 700 manata qalxıb. Amma gələn il kirayə bazarında da elə böyük qiymət artımları olacağını düşünmürəm. Əksinə, gələn il üçün kirayə bazarında ucuzlaşma gözləyirik”.
10 faizə qədər yüksəlmə qaçılmazdır
Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə isə düşünür ki, gələn il də bahalaşma davam edəcək:
“Sıçrayışlı artım gözləməsək də, ən azı 10 faizə qədər yüksəlmə qaçılmazdır. Bunu deməyə əsas verən səbəblər var. Məsələn, artıq bazarda ucuz mənzillər qıtlaşır, təklif tədricən azalır. Tələb isə həmişə yüksək olaraq qalır. Digər əsas səbəblərdən biri bu il Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tələbləri sərtləşdirməsindən sonra çoxmənzilli binaların tikintisi ilə məşğul olan şirkətlərin tikintiyə sərf etdikləri maya dəyərinin artmasıdır. Qiymətin qalxmasının digər səbəblərindən biri də torpaq sahələrinin məhdudlaşması və torpaq bazarında olan bahalaşmadır. Bu gedişlə qiymətlər gələn il də artacaq”.
Ekspert qeyd edib ki, regionda baş verən proseslər də daşınmaz əmlak bazarına birbaşa təsir göstərir:
“Rusiya-Ukrayna müharibəsi, İsrail-Fələstin münaqişəsi daşınmaz əmlak bazarımıza təsirsiz ötüşmür. Xüsusən də qonşu ölkələrdən daşınmaz əmlak almaq üçün insanların ölkəmizə gəlməsi həm kirayə bazarı, həm də mənzillərin qiymətlərini bahalaşdırır”.
Qiymətlər üç min manatdan yüksəkdir
R.Qasımzadə bildirib ki, artıq kənar ərazilərdə belə bir kvadratmetrini 1000 manatdan aşağı mənzil tapmaq mümkün olmayacaq:
“Keçən il deyirdik ki, bi kvadratmetrini 1500 manata ev görməyəcəyik. Amma gələcəkdə 2000 manata da tapa bilməyəcəyik. Çünki bir kvadratmetr üzrə qiymətlər üç min manata doğru inkişaf edir. Paytaxtın mərkəz hissələrində əvvəllər çoxmənzilli binalardan bir kvadratmetri 1500 manata ev tapmaq olurdusa, indi artıq mümkün deyil. Çünki qiymətlər 2000-2500 manat aralığındadır. Bir qədər kənarlarda - Qaradağ, Suraxanı, Sabunçu kimi rayonlarda əvvəl bir kvadratmetri 800-900 manata mənzil tapmaq mümkün idisə, artıq orada da qiymətlər 1200-1500 manat aralığında dəyişir. Tam mərkəz hissələrdə isə evlərin bir kvadratmetri 3000 manat və ondan daha yuxarı təklif olunur”.