Pələng ili ilə vidalaşır, yaşıl əjdahanı qarşılayırıq. 2023-cü ilin dəbi, sevilən rəngləri, geyim üslublarını da pələnglə yola salırıq.
Bəs görəsən, qarşıdan gələn Əjdaha ili özü ilə hansı dəbi, aksesuarları gündəmə gətirəcək? 2024-cü il hansı geyim trendləri ilə gözümüzü oxşayıb, həyatımızı rəngləndirəcək? “Kaspi” qəzeti modelyer dizayner Xəyalə Məsimova ilə ilin dəblərindən danışıb.
İlin dəbi necə formalaşır?
Modelyer bildirib ki, ilin geyim dəbləri insanların həyat tərzi, dünyada baş verən qlobal hadisələr əsasında formalaşır:
“Hər ilin dəbinə yön verən, dəqiqləşdirən böyük brendlərdir. Bəzi insanlar düşünür ki, ilin moda trendləri brendlərin öz kolleksiyalarında istifadə etdikləri rənglərdən, geyimlərdən, kəsim formalarından asılıdır. Amma elə deyil. İnsanların həyat tərzi, dünyadakı proseslər rənglərə də təsir göstərir”.
İlin rəngi - 13-1023 olacaq
O qeyd edib ki, 2024-cü ilin əsas rəngi şaftalı tonlarıdır:
“İlin rəng seçiminə ABŞ Rəng İnstitutu “Pantone” qərar verir. Şirkət həmin il dünyada olan qlobal hadisələri müzakirə edir, mütəxəssislərdən fikir alır və bu fikirlərə əsasən, rəng kataloqunu ortaya çıxarır. Çünki hər bir rəng tonunun öz aurası var. Növbəti ildən gözləntilərimiz bizə bu rənglərlə çatdırılır. 2024-cü ilin əsas rəngi çəhrayı və narıncının qarışığı olan “Peach Fuzz” (şaftalı tükləri) seçilib. Bu rəngin kodu 13-1023-dür. Bu kodla siz dünyanın istənilən yerində eyni rəngi ala bilərsiniz. Pantone bildirib ki, həmin rəng ruhu, zehni və bədəni zənginləşdirən enerjiyə sahibdir. Şaftalı tonları builki müharibələr, dünyada baş verən qlobal problemlərin həllinin tapmasını simvolizə edir. Çünki bu rəng daha sakit, barışcıl, insana doğmalıq hiss etdirən, yumşaqlıq gətirən hesab olunur. İnsanlar üzərlərində şaftalının tonlarını daşıdıqda rahatlıq, doğmalıq, şəffaflıq hiss edir və ötürürlər. “Pantone” 2024-cü ildə şaftalı rəngdən ilhamlanaraq müsbət enerjini yaymağı hədəfləyir”.
“Pandemiya geyim tərzimizi dəyişib”
Geyim tərzimizə gəldikdə isə, modelyerin sözlərinə görə, biz hələ də pandemiya dövründə evdə qaldığımız günlərin geyim rahatlığından çıxa bilmirik:
“İnsanlar xüsusilə, 2020-ci ildən sonra rahat geyimə öyrəşiblər. Pandemiyadakı həyat tərzimiz geyimlərimizə də ciddi şəkildə təsir edib. İnsanlar uzun müddət distant təhsil aldılar, işlərini onlayn idarə etdilər. Hər kəs ev mühitinə öyrəşdi. Bu, onların geyimlərinə də sirayət etdi. İndiyə qədər bu rahatlığı müşahidə edirik. İnsanların qarderobunda maksimalist geyim tərzləri minimalistlə əvəzlənib. Bu, 2024-cü ildə də davam edəcək. Çünki insanlar maddiyyata və görünüşə deyil, mənəvi dünyalarının zənginliyinə üstünlük verirlər və bunu geyimlərində göstərirlər”.