2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Ermənistan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək məqsədilə Azərbaycan Respublikasının qərb rayonları ilə onun Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət vermək barədə öhdəlik götürüb. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.
O qeyd edib ki, Azərbaycan Naxçıvanla lazımi əlaqənin yaradılmasında maraqlıdır, ancaq Ermənistan öhdəlik götürməsinə baxmayaraq, artıq üç ildir ki, bu prosesə mane olur.
“Ona görə də Azərbaycan artıq İranla onun ərazisindən keçən alternativ marşrut barədə razılığa gəlib. Biz Ermənistan tərəfinin öz öhdəliyini yerinə yetirməyə hazır olmasını və kommunikasiya marşrutlarımızı şaxələndirmək üçün hər fürsətdən istifadə etməsini gözləmək niyyətində deyilik”, - o deyib.
H.Hacıyev vurğulayıb ki, Azərbaycan malların gömrük və sərhəd nəzarətindən yalnız Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına daşındığı zaman azad edilməsini gözləyir.