Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov sabiqlərin sırasına qoşulduqdan sonra nəzarətində olan biznes obyektlərini itirməyə başlayıb. “Qaynarinfo” xəbər verir ki, “Gəmiqaya Holding”, “Cahan Holding” və “Naxçıvanbank” ASC kimi iri biznes obyektlərinə nəzarəti itirən Vasif Talıbovun olduğu iddia edilən daşıma şirkəti ilə bağlı problem yaranıb.
Söhbət “Bahar Karqo” MMC-dən gedir. Barəsində inzibati iş başlanan bu şirkətin də Vasif Talıbova məxsus olduğu iddia edilir.
Şirkət İnzibati Xətalar Məcəlləsinin 445.2-ci (Azərbaycan Respublikasının ərazisində satılan malların (işlərin, xidmətlərin) qiymətlərinin manatla göstərilməməsi) maddəsi ilə ittiham edilir. İşə Naxçıvan Şəhər Məhkəməsində baxılır.
Artıq iş üzrə bir dəfə məhkəmə baxış iclası keçirilib. Növbəti iclas yanvarın 9-na təyin edilib. İş hakim Gülnar Səfərəliyevin icraatındadır.