“ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycanı “dini etiqad azadlığının ciddi pozuntularına yol verən ölkələrdən biri” adlandırması gülünc və qəbuledilməz, sərsəm təxəyyüldür. Görünən odur ki, son 8 ayda qeyri-adekvat gedişləri ilə regionda nüfuzunu itirən Vaşinqton “demokratiya”, “insan haqları” bəhanəsi altında hücumların effekt vermədiyini görüb, bu dəfə dini azadlıqların himayəçisi qiyafəsində pərdələnmək niyyətindədir”.
Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, ABŞ-nin Dini Azadlıqlar Üzrə Beynəlxalq Komissiyası da məhz bu niyyəti leqallaşdırmaq məqsədilə Vaşinqtonun “qara siyahısını” alqışlayaraq “Dağlıq Qarabağdakı” dini obyektlər və ölkədə “şiə dini fəallara qarşı repressiyalar” kimi uydurma iddialarla bağlı narahatlıq ifadə etməsi əlaqələndirilmiş məqsədli fəaliyyətdən xəbər verir:
“Heç şübhəsiz ki, ABŞ-nin səsləndirdiyi bu iddiaların, əslində, dini azadlıqlarla heç bir bağı olmayan siyasi çirkab xarakterli cəfəngiyyat olduğu aydındır. Hər kəs qəbul edir ki, Azərbaycan min illərdir ki, etnik və dini müxtəlifliyin milli sərvət kimi qorunduğu, bütün konfessiyalar üçün bərabər şəraitin yaradıldığı məkan və dünyada multikulturalizmin ünvanlarından biridir. Cənab İlham Əliyevin cəmi 15 gün əvvəl Roma Papası Fransisk Həzrətlərinə yazdığı məktubda da ifadə olunduğu kimi, “ölkəmizdə tarixən olduğu kimi hazırda da əmin-amanlıq, mehribanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayan müxtəlif xalqların və dinlərin nümayəndələri arasında nümunəvi dostluq və qardaşlıq münasibətləri hökm sürür”. Bu mənada, Şərqlə Qərbin qovuşduğu bu mürəkkəb regionda etnik və dini azlıqlar üçün təhlükəsizlik adası olan Azərbaycan haqqında dini azadlıqlarla bağlı hər hansı əks iddia vicdansızlıqdır və səsləndiyi andan fiaskoya məhkumdur”.
Deputatın fikrincə, ABŞ böyük dövlət olmasının ona qlobal “nəzarətçi”, yaxud “tərbiyəçi” rolunu mənimsəməsinə əsas vermədiyini anlamalıdır:
“Xüsusən selektiv və beynəlxalq hüquqa zidd davranışları fonunda heç kəs ABŞ-yə monitorinq aparmaq hüququ verməyib və Vaşinqton özünü qlobal barometr kimi apara bilməz. Digər tərəfdən, Asiyada, Yaxın Şərqdə və Afrikada milyonlarla insanı məhz müsəlman olduğuna görə qanına qəltan edən, Şimal Qütbündən Ekvatora qədər Amerika qitəsində yerli əhalinin kökünü kəsən bir dövlət bu gün dünyaya din azadlığından danışa bilməz. Əgər ABŞ Cənubi Qafqazda dini dəyərlər və azadlıqlarla bağlı niyyətində səmimi olsaydı, son 30 ildə Qarabağ və Şərqi Zəngəzurda Ermənistan tərəfindən dövlət səviyyəsində dəstəklənmiş işğal və təcavüz siyasəti nəticəsində mövcud 67 məsciddən 63-nün yerləyeksan edilməsi, yüzlərlə müsəlman qəbiristanlığının vandalizmə məruz qalmasına ən azı münasibət bildirərdi”.
B. Məhərrəmov xatırladıb ki, bu gün müasir Ermənistan ərazisi olan Qərbi Azərbaycanda türk-islam izinin itirlilməsi istiqamətində dövlət siyasəti çərçivəsində iş aparılır: