Ermənistanın onilliklər boyu özününkü hesab etdiyi, lakin sonda məhrum olduğu Qarabağdan birdəfəlik əli üzüldü. Yeni reallıq 2023-cü ildə yarandı. Bunu baş nazir Nikol Paşinyanın hakimiyyətinin nəticəsi hesab etmək əlbəttə ki, doğru deyil. Tanınmış analitiklər də bu fikirdədir. Hətta Rusiya Prezidenti Vladimir Putin də dəfələrlə bildirib ki, Nikol Paşinyan 44 günlük müharibədə əlindən gələni etdi, lakin məğlub oldu. Bu sözlər Putinin ermənilərin Paşinyanı satqın adlandırmasına diplomatik etirazı idi. Bəs reallıq nə idi? Bu suala son 3 ilin proseslərinə nəzər yetirməklə cavab axtaraq…
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağdan imtina etməsi həmvətənləri arasında qəzəb dalğası yaratmışdı, lakin sonda yenə də hökumətin mövqeyi güc gəldi.
Ermənistan üçün 44 günlük müharibədən sonra yeni faciə 2023-cü ilin sentyabrında baş verdi. Azərbaycanın sürətli antiterror əməliyyatları nəticəsində bütün Qarabağ separatçılardan tam azad olundu və dövlətimiz suveren hüquqlarını bərpa etdi.

Dekabrın 23-də Paşinyan jurnalist Petros Qazaryana verdiyi müsahibəsində Qarabağ probleminin İrəvanın maraqlarına uyğun həlli yolunun olmadığını bəyan etdi. Hökumət başçısı bunun mümkünsüzlüyünü təmkinlə və təfərrüatı ilə jurnalistə izah etdi. Səbəblər siyahısına Ermənistanın tək olması da daxildi: münaqişə başlayandan bütün dünya Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edib.
Əlbəttə, Paşinyan haqlı idi. BMT-nin qətnamələri, ulu öndər Heydər Əliyevin sülh danışıqlarında göstərdiyi iradə və qətiyyət, son 20 ildə isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin arıdıcıl, strateji siyasi kursu erməniləri bütün dünyada dalana dirəmişdi.
Məhz Nikol Paşinyan sonradan etiraf edirdi ki, Ermənistanın böyük resursları Dağlıq Qarabağ probleminin həllinə yönəldiyindən ölkə çox ağır vəziyyətə düşmüşdü. O, açıq şəkildə elə belə də deyirdi: “DQR” ölkənin iqtisadi inkişafını ləngidirdi. Həm də təkcə iqtisadi deyil. Ermənistan Respublikasının xarici siyasəti yox idi, Dağlıq Qarabağ siyasəti var idi. Ermənistan Respublikasının təhlükəsizlik gündəliyi yox idi, Dağlıq Qarabağ üçün təhlükəsizlik gündəliyi var idi”.
Paşinyanın bu açıqlamaları onu göstərir ki, Azərbaycan heç vaxt öz yolundan dönməyib, beynəlxalq arenada suveren haqları uğrunda daim Ermənistanla mübarizə aparıb. Rəsmi İrəvan isə istər Ter-Petrosyan, istər Koçaryan, istər Sarkisyan, istərsə də Paşinyanın hakimiyyət illərində “müdafiə olunmaq” üçün dəridən-qabıqdan çıxıb.
Məsələn, indiki baş nazirin bəyanatlarını ilk dəfə prezident Levon Ter-Petrosyan səsləndirirdi. Eks-prezident 1998-ci il yanvarın 8-də Ermənistan Təhlükəsizlik Şurasının iclasında vurğulamışdı ki, “Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamış vəziyyəti Ermənistanın iqtisadi inkişafına mənfi təsir göstərir”.
Daha sonra o, hökumət üzvlərini Qarabağ məsələsində Azərbaycanla tezliklə razılığa gəlməyin vacibliyinə inandırmağa çalışmışdı. Həmin gün Ter-Petrosyanı dinləyənlər arasında gələcək iki prezident – Qarabağ sakinləri Robert Koçaryan və Serj Sarkisyan da var idi. Birincisi baş nazir, ikincisi Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsini tuturdu.

Levon Ter-Petrosyanın arqumentləri arasında bu da var idi: “Gələcəkdə Rusiya Azərbaycanla mehriban qonşuluq münasibətlərinin qurulması istiqamətində ciddi səylər göstərəcək və bu halda Ermənistan Cənubi Qafqazda yeganə müttəfiq və strateji tərəfdaş üstünlüyünü itirəcək”.
1998-ci ildə deyilən bu ifadə bu gün aktualdır: Moskva ilə Bakı arasında qarşılıqlı anlaşma mövcuddur, əksinə Moskva ilə İrəvan arasında gərginlik daha da artır.
