Bu gün vəfat edən Əməkdar artist Aygün Bəylərin son konsertinin də, oradan əldə ediləcək gəlirin köçürüləcəyi yerin də adı yaşamaq, YAŞATmaqla bağlı idi.
Müxtəlif dönəmlərdə bir sıra çətinliklərlə üzləşən ifaçı solo konsertinə “Yaxşı ki, varsan!” adını verməklə həyata tutunmağa çalışsa da, amansız xəstəlik buna imkan vermədi.
“Qafqazinfo” xəbər verir ki, əslində, bu konsert bir neçə il öncə baş tutmalı idi. Hətta o, 2015-ci ildə öz solo konsertini təşkil etmək üçün evini girov belə qoymuşdu. Lakin konsert “Günəşli” yatağında baş verən faciə ilə üst-üstə düşdüyündən bu, baş tutmamış, nəticədə Aygün Bəylər həmin məbləği itirmişdi.
.jpg)
İfaçı bundan sonra yaşadığı çətinliklərin onun səhhətinə mənfi təsir etdiyini gizlətmir, bunu etiraf edirdi. Nəhayət, Aygün Bəylər ev probleminin həlli üçün ölkə Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya müraciət edir. Çox keçmədən, 2022-ci ilin dekabrında Əməkdar artistin müraciəti müsbət qarşılanır və Prezident sənətçiyə ev hədiyyə edir.
Bu zaman Aygün Bəylər qonaq olduğu verilişdə göz yaşlarını saxlaya bilmir və ölkə rəhbərliyinə minnətdarlığını qeyd edir.
.png)