CİNAYƏT İŞİ
Qısa arayış…
2013-cü il martın 30-u səhər saat 5 radələrində daxil olan məlumat əsasında Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları Çingiz Mustafayev və Zülfü Adıgözəlov küçələrinin kəsişməsində, səkidə Bakı şəhər sakini 1976-cı il təvəllüdlü İsmayıl Zeynalovun meyiti aşkar edilib. Hadisə yerinə rayon prokurorluğu əməkdaşları ilə məhkəmə-tibb ekspertinin iştirakı ilə baxış keçirilib. Gödəkçəsinin yan cibindən şəxsiyyət və sürücülük vəsiqələri, bank kartı, üzərində “Mercedes” markasının loqosu olan avtomobil açarı tapılıb. İlkin olaraq onun qəflətən vəfat etməsi və üzərində zorakılıq əlamətlərinin olmaması bildirilib.
Lakin bir müddətdən sonra ekskumasiya məqsədi ilə onun meyiti qəbirdən çıxarılıb. Təkrar məhkəmə-tibbi ekspertizası zamanı çürümə fonunda Zeynalovun boyununun yuxarı hissəsində sıyrıq, həmçinin bədənin digər nahiyələrində qançırların olması müəyyən edilib. Ekspertizanın rəyinə görə, əslində onun ölümünə boyun üzvlərinin sıxılması nəticəsində baş vermiş mexaniki asfiksiya səbəb olub.
Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanılan cinayət işi bir neçə aydan sonra Bakı şəhər prokurorluğuna göndərilib.
9 ildən sonra, 2022-ci il iyulun 8-də Baş Prokurorluq məlumat yayıb ki, 2013-cü il martın 30-da qətlə yetirilən İsmayıl Zeynalovun faktı ilə bağlı cinayət işinin istintaqı tamamlanıb. Təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə mayın 23-də Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Zaur Sadıqov cəlb olunub.
Pravda.az xəbər verir ki, Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.
İstintaqla müəyyən edilib ki, martın 29-da Zaur Sadıqov tanışları İsmayıl Zeynalov və Alik Bədirovla, sonuncunun yaşadığı Nizami rayonu, Elşən Süleymanov küçəsi, 112 ünvanında narkotik vasitə – heroin qəbul ediblər. Saat 23 radələrində Bədirovun mənzilindən çıxıb, ona məxsus avtomobilə oturduqdan sonra, aldıqları narkotik maddənin artıq qalmış hissəsini ondan gizlətməsini Zeynalova irad tutarkən, aralarında mübahisə yaranıb. İsmayıl söyüş söydüyünə görə Zaur idarə etdiyi nəqliyyat vasitəsini R.Rüstəmov küçəsində yerləşən 1 saylı uşaq evinin qarşısında saxlayıb. Avtomobildən düşmək istəyən tanışının bədəninin müxtəlif nahiyyələrinə təpiklə zərbələr vurub. Ardınca kürəyini oturacağa sıxıb, sağ əlinin iki barmağı ilə İsmayılın boğazını sıxıb. Zeynaov əlləri və ayaqları ilə çırpınıb, qalxmaq istəsə də, buna imkan verməyərək, onu öldürüb.
Mərhumu maşının ön sərnişin oturacağına uzadaraq, hərəkətini davam etdirib. Martın 30-u gecə saat 2 radələrində Nəriman Nərimanov heykəlinin qarşısından keçərək, Zülfü Adıgözəlov və Çingiz Mustafayev küçələrinin kəsişməsinə çatıb. Narkotik vasitənin doza həddini aşması səbəbindən İsmayılın ölməsi görüntüsünü yaratmaqdan ötrü, onu maşından çıxararaq, sürüyüb.
Bu zaman gödəkcəsi və köynəyi Zeynalovun əynindən çıxıb. Vaxt itirməməsi üçün yalnız gödəkcəni yenidən əyninə geyindirib, onu uzanıqlı şəkildə küçədə qoyaraq hadisə yerindən uzaqlaşıb. Zərərçəkmişə məxsus 2 ədəd mobil telefonu və köynəyi istintaqla müəyyən edilməyən yerlərə ataraq törətdiyi cinayətin izlərini məhv edib.
İş üzrə dindirilmiş Zaur Sadıqov 2013-cü il martın 29-u saat 21 radələrində tanışı İsmayıl Zeynalova zəng edərək, narkotik vasitə qəbul etmək istədiyini bildirib. Tanışına onu Şahmat məktəbinin qarşısında gözləyəcəyini deyib:
“Danışandan bir az sonra mikrorayona müştəri apardım, geri qayıdanda həmin yerdə İsmayılın dayandığını gördüm. Tanışım maaş aldığını və hardan heroin tapa biləcəyimizi soruşdu. Mən də əvvəllər birlikdə narkotik istifadə etdiyim Nizami rayonunda, Elşən Süleymanov küçəsində qonşum olmuş Alik Bədirova zəng edərək, heroin təşkil etməsini xahiş etdim. Alik narkotik maddə tapacağını bildirəndən sonra, “Hyundai Accent” markalı avtomobilimlə 8-ci km. qəsəbəsinə yollandıq. Köhnə məhəlləmə çatıb, blokun qarşısında dayanan Alikə 30 manat pul verdik. Bizə gözləməyimizi deyən şəxs, yarım saatdan sonra geri qayıtdı. Alikin təklifi ilə 3-cü mərtəbədə yerləşən mənzilinə qalxdıq. Evdə köhnə qonşumun anasından başqa heç kim yox idi. Alik aldığı narkotik vasitəni ampulaya tökərək, qızdırdı və hər üçümüz heroini iynəyə çəkərək, inyeksiya yolu ilə damarımıza vurduq. İsmayıl Aliklə sağollaşaraq, ayaqqabılarını geyinib bloka çıxdı. Bu zaman Alik mənə, daha 1 dəfə istifadə üçün heroin qaldığını və onu İsmayıla verdiyini dedi. Mənzildən çıxıb, avtomobilimə əyləşdik. Yol gedərkən, İsmayıla, nəyə görə Alikin verdiyi heroin barədə heç nə danışmadığını və bunu məndən gizlətdiyini soruşdum. Cavab olaraq, tanışım narkotik vasitənin pulunu özü verdiyini, yaxşı elədiyini bildirdi. Nizami rayon icra hakimiyyətinin arxasından keçəndə, İsmayılın söyüş söyməsi mənə pis təsir etdiyindən, maşını saxladım. Düşüb, sərnişin qapısına yaxınlaşdım. Bu zaman İsmayıl qapını açdı və üzünü mənə tərəf çevirdi. Tanışım anamı söyən kimi, qarın nahiyəsinə təpiklə 2 dəfə möhkəm zərbə vurdum. Ardınca əllərimlə boğazından tutub sıxaraq, onu boğmağa başladım”.