Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) vəfat etməsi Azərbaycan mədəniyyəti üçün böyük itkidir. Şübhəsiz ki, o, əvəzolunmaz səsi, təkrarsız ifası, zəngulələri, eləcə də geyim tərzi ilə yaddaşlarda qalacaq.
48 yaşında dünyasını dəyişən sənətkarın özündən sonraya ifaları ilə yanaşı, 14 yaşlı bir qız övladı da qalıb.
Yəqin ki, Aygün Hümmətovanın qızı Cananın atasının kim olması ictimaiyyət üçün də maraqlıdır.
Modern.az saytı sənətkarın keçmiş həyat yoldaşı ilə bağlı kiçik bir araşdırma aparıb.
Aygün Hümmətova təxminən 15 il öncə Almaniyada yaşayan Rəsul Vilayət adlı bir soydaşımızla nikahda olub. 2009-cu ildə onların Canan adlı qızı doğulub.

Əslən Azərbaycandan olan Rəsul Vilayət də musiqiçi idi, o həm gitara və skipkada çalır, həm də mahnılar ifa edirdi. Aygün Hümmətovanın Rəsul Vilayətlə birgə duet ifaları da olmuşdu – onlar birgə mahnılar oxumuşdular.
Rəsulla Aygün uşaqlıq dostu olublar. Onların ilk tanışlıqları Azərbaycan Dövlət Uşaq Filarmoniyasından başlayıb. Hər ikisi 1988-ci ildə müsabiqə yolu ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasına qəbul olunmuşdular. Filarmoniyaya qəbul olunanda onların 13-14 yaşları vardı.


