Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının 2023-cü ildə Azərbaycanla bağlı dərc etdiyi xüsusi hesabatı və ABŞ Dövlət Departamenti tərəfindən ölkəmizin qondarma xüsusi izləmə siyahısına daxil olan ölkə kimi müəyyən edilməsi ilə bağlı bəyanat yayıb.
Komitədən daxil olan bəyanat mətnində deyilir:
"ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) hesabatını, eləcə də, ABŞ Dövlət Departamentinin bəyanatını qəti surətdə pisləyirik. Əminliklə bildiririk ki, ABŞ Dövlət Departamenti tərəfindən Azərbaycanda dini etiqad azadlığının pozulması barədə fərziyyələrə istinadla ölkəmizi heç bir beynəlxalq statusa malik olmayan qrupa (xüsusi izləmə siyahısı) daxil etməsi siyasi manipulyasiya vasitəsindən başqa bir şey deyil.
2013-cü ildən bəri BDAK hər il öz hesabatlarında ölkəmizdə dini azadlıqların pozulduğu iddiası ilə Azərbaycanın Dövlət Katibi tərəfindən “xüsusi izləmə siyahısı”na daxil olan ölkələr kimi təyin edilməsini Dövlət Departamentinə tövsiyə etmiş, Azərbaycana qarşı qərəzli, yanlış məlumatlar yaymışdır. Dövlət Komitəsi olaraq dəfələrlə bu Komissiyanın yaydığı hesabatlarla bağlı müvafiq açıqlamalar verilib, onların göstərdikləri heç bir fakta söykənməyən şaiyə xarakterli, uydurma məsələlərlə bağlı mövqeyimiz müxtəlif səviyyələrdə diqqətə çatdırılıb. Habelə rəsmi məktublarla hesabatda qaldırılan məsələlərin doğru olmadığı və qərəzliliyi maddə-maddə onların diqqətinə çatdırılaraq etiraz ifadə edilmişdir. Eyni zamanda Azərbaycanda olan müsəlman və qeyri-müsəlman icmalarının aparıcı qurumları həm sonuncu, həm də əvvəlki hesabatlarla bağlı xüsusi etiraz bəyanatları yayıb, Komissiyaya göndərmiş, o cümlədən müxtəlif din xadimləri fərdi olaraq da mətbuatda açıqlamalar veriblər.
ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyası tərəfindən təqdim edilən “nöqsanlar” ölkəmizdəki gerçəkliyi əks etdirmir, reallıqla daban-dabana ziddiyyət təşkil edir. BDAK-nın məlum hesabatlarında bir çox məqamların araşdırılmadığı, qeyri-müstəqil və ənənəvi olaraq ermənipərəst mərkəzli məlumatlar yayan mənbələrdən istifadə edildiyi, bəzən isə hadisələrə məqsədli şəkildə yanlış izahatlar verilməsi diqqəti cəlb edir. Bu, hesabatların obyektivliyinə ciddi xələl gətirir, ümumiyyətlə, onların hazırlanmasında ifadə edilən məqsəd və məramlara qətiyyən uyğun gəlmir.
Bu gün Azərbaycan dövlətinin, o cümlədən Dövlət Komitəsinin qarşısında duran əsas vəzifə hüququn aliliyi prinsipi əsasında insanların dini etiqad azadlığının təmin edilməsidir. Bu azadlığın təmin edilməsində dini sahədə insanların hüquq və azadlığı, həmçinin ictimai və dövlət təhlükəsizliyinə yönəlmiş təhdidlərin qarşısının alınması mühüm məsələdir.
Hesabatda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sözdə erməni abidələrinin vəziyyəti ilə bağlı narahatlıq, müsəlman abidələrinə qarşı törədilmiş vandalizmə münasibətdə isə dözümlü yanaşma sezilir. Eyni zamanda Komissiya üzvlərini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə dəvət edirik. Belə ki, Azərbaycanda “Dağlıq Qarabağ” adında inzibati ərazi vahidi yoxdur. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları vardır.
Abidələrlə bağlı sözügedən təşkilatın vaxtilə Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğu dövrdə ərazilərimizdəki tarixi-mədəni və dini abidələrlə bağlı hansısa məlumatına rast gəlməmişdik. Baxmayaraq ki, Azərbaycan dövləti həmişə həmin ərazilərdəki xalqımıza məxsus tarixi-mədəni və dini abidələrin erməni silahlı birləşmələri tərəfindən vandalizm aktlarına məruz qalması ilə bağlı dünya ictimaiyyətinə çağırışlar etmişdir. Hətta məscidlərimizin heyvan saxlama yerlərinə çevrilməsi, onların yararsız vəziyyətə salınması, təmir adı altında özgəninkiləşdirilməsi, qədim Azərbaycan dövləti olmuş Qafqaz Albaniyası irsinə aid abidələrin erməniləşdirilməsi, müsəlman qəbiristanlıqlarında insan qalıqlarına qarşı təhqiramiz hərəkətlərə yol verilməsi və bu kimi hallar barədə sübutlar təqdim etmişdir.
Bildiyiniz kimi, 2020-ci ildə 44 günlük müharibədən sonra vəziyyət tamamilə dəyişdi. İşğalın bitməsilə buradakı abidələrin, o cümlədən dini məbədlərin vəziyyəti, onların necə xarabalığa çevrilməsi gerçəkliyi öz təsdiqini tapdı. Təkcə onu demək kifayətdir ki, 67 məsciddən yalnız 2-si saxlanılmışdır. Onlardan da Ağdam Cümə məscidi hərbi oriyentir məqsədilə yararsız vəziyyətdə, Şuşadakı Yuxarı Gövhər Ağa məscidi də qısmən yararlı olub ki, onu da dünyaya özlərini “tolerant” göstərmək məqsədilə İran məscidi kimi təqdim etməyə çalışıblar. Qalanları isə Ermənistan silahlı birləşmələri tərəfindən tamamilə dağıdılmışdır. Amma hələ dünya ictimaiyyətinin bunu obyektiv araşdırması niyyətini müşahidə etməmişik. Buna baxmayaraq, Azərbaycan Bakının mərkəzindəki erməni-qriqoryan kilsəsini, hətta oradakı minlərlə erməni dilində olan kitabları qoruyub saxlamışdır.
Komissiyanın hesabatında Birləşmiş Millətlər Təşkilatının 2023-cü ilin oktyabrında başa çatan Qarabağdakı missiyası tərəfindən “mədəni və ya dini strukturların heç bir ziyan görmədiyi” məlumatı bildirilsə də, hansısa naməlum insan hüquqları təşkilatlarının iddiaları əsas gətirilməklə ali beynəlxalq təşkilatın hesabatına belə skeptik yanaşılması təəccüb doğurur. O cümlədən, Dövlət Departamentinin bəyanatında da bu məsələyə toxunulmamışdır.