Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlər 2024-cü ildə də fasiləsiz olaraq davam etdirilir.
DİN-dən verilən məlumata görə, qanunsuz saxlanılan odlu silahın ehtiyatsızlıqdan və ya diqqətsizlikdən ağır nəticələrə gətirib çıxarmasının və ya cinayətin alətinə çevrilməsinin mənəvi və hüquqi məsuliyyətini dərindən dərk edən bir çox vətəndaş onları könüllü təhvil veriblər.
Belə ki, polis əməkdaşları yeni ilin ilk həftəsində vətəndaşlardan ümumilikdə müxtəlif markalı 10 ədəd avtomat silahı, 1 tapança, 3 ədəd qumbara, 2 alışdırıcı, 11 ədəd patron darağı, 59 ədəd müxtəlif markalı tüfəng və 551 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Eyni zamanda qanunsuz saxlanılan odlu silahların aşkar olunaraq götürülməsi istiqamətində də polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.