“Son günlər müzakirələrdə Aygün Bəylərin vəfatı geniş yer alır. Bəziləri deyir ki, əsl sənətkara niyə dəyər verilmir? Aygün Bəylərə zamanında dəyər verilib! Ona Heydər Əliyev ev verib, hər sənətkara Prezident ev bağışlamır. Müalicə xərcini dövlət qarşılayırdı. Aygün Bəylərə bundan artıq nə edilməli idi?” Bu sözləri “Yeni Sabah”a tanınmış psixoloq Gülnar Orucova deyib. O, mərhum sənətkarın adı ətrafında gedən “ona zamanında dəyər verilmədi” müzakirələrinin haqsız olduğunu bildirib:
Arqument gətirirlər ki, filankəslərin bağ evi, villaları var. Başa düşmürlər ki, onlara həmin villaları məşuqları alır. Hətta məşuqları onları o qədər önə çəkirlər ki, gedib pul verib hansısa mükafatı alırlar. Mən psixoloqam, hətta mənə də deyirlər ki, sizə “İlin psixoloqu” mükafatını verək, məbləği 350-550 manatdır. Bu gün mükafatı almaq üçün belə pul vermək lazımdır. Lakin Aygün Bəylərə dövlət kifayət qədər dəyər verdi. Bircə Xalq artisti adını almamışdı, bu da Mədəniyyət Nazirliyi ilə əlaqəli məsələdir, siyahıda adı yazılmayıb deyə bu fəxri adı almayıb.
İnsanlar o qədər aqressivləşiblər ki, düşünmədən danışırlar. Dövlət başqa nə etməli idi?!
Sadəcə, o xanımın görüntüsü gərək xanım görüntüsü olardı. Bəlkə də imici ilə o, insanların yadında “kepkalı qız” kimi qalmışdı. Bəlkə də qadın obrazında olsaydı, sıradan olacaqdı və seçilməyəcəkdi.