Son aylar Azərbaycanda siyasi fəalların və jurnalistlərin həbsi ölkəmizin üzv olduğu və qarşısında öhdəlik götürdüyü beynəlxalq təşkilatların, habelə insan hüquqlarını ümumbəşəri dəyər hesab edərək onu qoruyan ABŞ və Avropa ölkələrinin hökumətə davamlı çağırışlarına səbəb olub.
Bununla belə Azərbaycanın insan haqları fəalları Qərbin çağırışlarının yetərsiz olduğunu bildirir. Buna cavab olaraq, ABŞ və Avropa İttifaqına üzv ölkələrin diplomatları hökumətlə, xüsusilə Xarici İşlər Nazirliyi ilə insan haqları və siyasi məhbus məsələsini ciddi müzakirə etdiyini bəyan edir.
Bəs görəsən, bu müzakirələr necə aparılır? XİN bu çağırışları həmin şəxsləri həbs edən hüquq-mühafizə orqanlarının rəhbərləri ilə müzakirə edirmi? Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov Gununsesi.info-ya bu barədə danışıb.
-Elmar müəllim, siz uzun illər Azərbaycanın xarici siyasət idarəsinə rəhbərlik edən şəxs kimi dövlətlərarası təşkilatların, ABŞ və Avropa ölkələrinin diplomatlarının insan hüquqları ilə bağlı verdiyi mesajları ali hakimiyyətlə, yaxud hüquq-mühafizə orqanları ilə müzakirə edirdinizmi? Məsələn, bu yaxınlarda Azərbaycanda səfərdə olan Böyük Britaniya və Almaniyanın yüksək vəzifəli diplomatları bildirdi ki, Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə ölkədəki insan haqlarının durumunu müzakirə ediblər. Bu müzakirələr nə dərəcədə effektli olurdu?
– Azərbaycanda insan hüquqları mövzusu hər zaman aktual məsələ kimi onlarla müzakirə olunub.
Bu təkcə Azərbaycana aid məsələ deyil. Avropa Şurasına, BMT-yə üzv olan bütün ölkələrlə bu cür dialoqlar olur. Mənim nazir işlədiyim dövrdə və məndən sonra da bunlar olub vəolacaq.
Müxtəlif səviyyəli görüşlərdə problemlər haqqında danışılırdı. Biz də təbii ki, konkret məsələlərlə bağlı hüquq-mühafizə orqanları ilə danışırdıq. Daxili İşlər Nazirliyi , Baş Prokurorluq və digər qurumlarla sıx işləmişik. Avropa Şurası, ATƏT və BMT-nin İnsan Hüquqları Şurası tərəfindən qaldırılan mövzular olurdu. Çünki, bizim bu qurumlar qarşısında öhdəliklərimiz var. Biz də hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edirdiik. Onlar da arayışlar hazırlayırdı, həmin arayışlarda öz əsaslandırmalarını yazırdılar.
– Keçmiş nazir kimi deyər bilərsinizmi ki, siyasi fəalların, jurnalistlərin həbsləri ölkənin imicinə nə dərəcədə təsir edir?