Əməkdar artist Aygün Bəylərin ata evində İTV-nin müxbiri Ləman Abbaslı ilə tarzən Elxan Müzəffərli arasında yaşananlar ictimaiyyətdə hələ də müzakirə edilir. Mövzu ilə bağlı Globalinfo.az-a danışan tarzən Elxan Müzəffərli heç bir kobudluq etmədiyini bildirib.
O, A.Bəylərin ailəsinin çəkiliş aparılmasına qarşı olduğunu deyib:
“Jurnalistlərə ev sahibi dedi ki, “çəkilişi yığışdırın, çıxın gedin. Çəkiliş lazım deyil, toya gəlməmisiniz, tamaşa göstərilmir, camaat burada yas içindədir, ağlayır, amma siz mane olursunuz”.
Bu sözlərdən sonra müxbir əlində mikrofon, yanında da operator yaxınlaşdı mənə. Baxıram ki, hər kəs haqqımda ağzına gələni yazır, lakin o sözlərə layiq biri deyiləm. Mən orada təhqir etməmişəm. Orada “səni bura kim göndərib” sualını haqlı olaraq vermişəm. Mənə maraqlı gələn o oldu ki, ev sahibi deyir, çəkmə, bunlar mənim üstümə gəlirlər, görüm, bunları kim mənim üstümə göndərib? Kobudluq edərək mənə cavab verdi ki, “nə fərqi var, kim göndərib?!”