Ölkədə vətəndaşların narazı qaldığı əsas qurumlardan biri, bəlkə də, birincisi "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətidir(AZAL). Cahangir Əsgərov AZAL prezidenti vəzifəsindən azad ediləndən sonra az qala tarixə qovuşan ümidlər yenidən dirçəldi. Düşünürdük ki, illərdir “göylə uçan” qiymətlər nəhayət enəcək, xidmət keyfiyyəti müsbətə doğru dəyişəcək və seçimimiz digər ölkələrin hava yolu şirkətləri deyil, məhz öz AZAL-ımız olacaq. Ancaq bu dəfə də arzularımız ürəyimizdə, gözləntilərimiz gözümüzdə qaldı. Qiymətlər AZAL-maqdansa, olduğu yerdə saymağa davam etdi...
Məlumat üçün xatırladaq ki, Canahgir Əsgərov 1 sentyabr 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib. Digər sərəncamla, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” QSC-nin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilib. Qurumun sabiq prezidentinin “məmur davranışları” hər kəsə məlumdur. 15 ildir, “taxt-tacı”ndan imtina edə bilməyən Cahangir Əsgərovun gözünü əldə etdiyi qazanclar tutmuşdu desək, yəqin, yanılmarıq. O, siyahısında öncəliyi vətəndaşların rifahına və məmnuniyyətinə deyil, mal-mülkləri, əmlakları, ümumiyyətlə, biznesinə vermişdi.

Yeni rəhbərin bu istiqamətdə hər hansı “fəaliyyəti” məlum deyil. Biznesinin olmadığını, gözünü pul sevdasının tutmadığını, xalqdan biri olduğunu xəyal edərək düşünürdük ki, Samir Rzayev uçuş qiymətlərini gözdən keçirərkən vətəndaşların durumunu da nəzərə alacaqdır.

Lakin təəssüf ki, bu dəfə də yanıldıq. AZAL-ın təyyarələrinin komfortlu və rahat, xidmətin normal olduğunu qəbul etsək də, təyyarələrin dövlət tərəfindən alındığını, hava limanlarının dövlət büdcəsinin vəsaiti ilə tikildiyini əsas götürərək, AZAL-ın biletlərini vətəndaşlara hələ də niyə bu qədər baha satdığını nə biz anlaya bilirik, nə də vətəndaşlar...

Əvvəllər vətəndaşlar “Buta Airways”in kampaniyalarından da faydalana bilirdi. Məsələn, Türkiyə, Gürcüstan, Rusiya, Orta Asiya istiqamətlərində şirkətin ayrıca reysləri var idi və qiymətlər AZAL-a nisbətən aşağı idi. Ötən il “Azərbaycan Hava Yolları” ilə sözügedən şirkətin vahid AZAL brendi altında birləşməsinə qərar verildi.
