Bir çoxları elə düşünür ki, məktəbin idarə olunmasında kişi direktorlara daha çox üstünlük verilməlidir. İddialara əsasən idarəçilikdə kişilərin qadınlardan daha üstün olduqları bildirilir. Sözügedən məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov bildirib ki, məktəb direktorunun kişi və ya qadın olmasınının heç bir əhəmiyyəti yoxdur:
“Belə bir ayrı-seçkiliyin aparılması yanlışdır. Çünki yaxşı idarəçi həm qadın, həm də kişi ola bilər. Əslində direktorların qadın və ya kişi olması məsələsinə yox, onların təcrübəsinə, vicdanlı və təmiz olmasına diqqət yetirilməlidir. Müşahidələr onu göstərir ki, məktəbi idarə edən şəxs bacarıqlı və təcrübəlidirsə, onun kişi və qadın olmasının heç bir əhəmiyyəti yoxdur. Ona görə də, hər hansısa təhsil müəssisəsinə məktəb direktoru təyin edərkən onların yanlız savadı və biliyi nəzərə alınmamalıdır. Yəni, həmin direktorların təcrübəsini və psixologiyası ilə bağlı nüansları əsas götürmək lazımdır”.