Ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir
Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü səhərdən 14-ü axşamadək havanın arabir yağıntılı olacağı, yağışla başlayan prosesin sulu qara, bəzi ərazilərdə qara keçəcəyi gözlənilir. Yanvarın 14-ü isə gecə və səhər yarımadanın bəzi ərazilərində yağıntıların intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, 13-ü səhərdən 14-dək 15-20 m/s, arabir 23-28 m/s, 13-ü səhər və gündüz isə yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcək.
Sinoptikin sözlərinə görə, yanvarın 13-də temperaturun anomal gedişi gözlənilir, belə ki, 12-dən 13-nə keçən gecə və səhər havanın 4°-yə yaxın isti olacağı, lakin günün ikinci yarısından başlayaraq temperaturun ötən günlərlə müqayisədə 5-8° enərək, 13-də axşam saatlarında 0°-yə yaxın olacağı gözlənilir. Yanvarın 14 və 15-i gecə saatlarında 0-3° şaxta, gündüz 0-3° isti olacaq.