ABŞ-nin Tennesi Texnoloji Universitetinin professoru Maykl Qanter Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə Ermənistanla bağlı səsləndirdiyi mövqeyə münasibət bildirib. Qanter Oxu.Az-a açıqlamasında deyib ki, İlham Əliyev suallara hərtərəfli cavablar verib.
Professor Qantar deyir ki, İlham Əliyevin konsepsiyaları mərhum atası, keçmiş prezident Heydər Əliyevin konsepsiyalarına əsaslanır.
Onun fikrincə, İlham Əliyev Heydər Əliyevin prezident olduğu 1993-2003-cü illəri Azərbaycan tarixinin ən mühüm dövrü kimi xarakterizə edir:
“İlham Əliyev atasının ikinci dəfə hakimiyyətə gəlişini və onun iqtidar dövrünü əhatə edən 1993-2003-cü illəri Azərbaycanın ən yaxın siyasi tarixinin ən mühüm dövrü kimi görür. Çünki məhz o zaman yeni dövlət öz inkişaf yoluna qədəm qoydu, vətəndaş müharibəsinə son qoyuldu və bu dövrdən etibarən yenidən formalaşmağa, inkişaf etməyə başladı”.
“Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi Heydər Əliyevin təqdim etdiyi sabitlik kursunun davamı idi. Prezident İlham Əliyev başa düşürdü ki, beynəlxalq hüquq onun dövlətinə ərazi bütövlüyünü bərpa etməyə imkan verməyəcək. Ona görə də Azərbaycan özü ədaləti təmin etməli idi. İlham Əliyev separatizmə tamamilə son qoymaqla yarımçıq qalan işləri başa vurdu”, - deyə professor belə düşünür.
İlham Əliyev yanvarın 10-da yerli jurnalistlərə verdiyi müsahibədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün Bakının təqdim etdiyi sülh modelindən danışıb.