Son illərdə paytaxt Bakı başda olmaqla, böyük şəhərlərimizdə havanın həddindən çox çirkli olması barədə narahatlıq mövcuddur. Bu məsələdə ən böyük pay sahibi avtomobillər, xüsusilə də istismar müddətini başa vurmuş nəqliyyat vasitələridir. Mövcud durum artıq müvafiq qurumları da hərəkətə gətirib. Bəs sözügedən sahədə daha hansı işlərin görülməsinə ehtiyac var? “Kaspi” qəzeti növbəti məqaləsində bu və digər suallara cavab tapmağa çalışıb.
Avtomobilləri sıradan çıxaran səbəblər
Ekoloq Kənan Kərimli dedi ki, nəqliyyat vasitələrinin sayı hər gün artır, xüsusən daxili yanma mühərrikləri ilə işləyən avtonəqliyyat vasitələri atmosferi çirkləndirən başlıca mənbə olaraq qalırlar: “Avtomobillərin əksəriyyəti fiziki və texniki cəhətdən aşınmış, ekoloji göstəricilərinə görə istismara yararsız vəziyyətdədir. Əlverişsiz yol şəraiti, yanacaq-sürtgü materiallarının keyfiyyətinin aşağı olması avtonəqliyyat vasitələrinin texniki hissələrinin və aqreqatlarının sürətlə yeyilməsinə, yanacaq sərfinin və xaric olan qazların zəhərliliyinin artmasına səbəb olur. Texniki qulluq və təmirin keyfiyyətinin yüksək səviyyədə olmaması, müasir avadanlıqların və ixtisaslı mütəxəssislərin çatışmazlığı avtonəqliyyat vasitələrinin iş qabiliyyətinin tam bərpa edilməsinə mənfi təsir göstərir. Avtonəqliyyat vasitələrinin ekoloji parametrlərini normada saxlamaq üçün onların texniki vəziyyətinə diaqnostika stendləri və avadanlıqlarından istifadə olunmaqla dövri nəzarət zəruridir”.
Bu avtomobillərə keçid tək çarədir
K.Kərimlinin fikrincə, hibrid və elektromobillərə keçid tək çarədir: “Yararsız və ya istismar müddətini başa vurmuş avtomobillərin dövriyyədən çıxarılması ekoloji durumun yaxşılaşmasında rol oynamaqla yanaşı, həm də yol-nəqliyyat hadisələrinə səbəb olan halların azalmasına da təsir göstərəcək. Nisbətən ekoloji təmiz hesab olunan hibrid, tam elektrik və buraxılışı 1-3 il aralığında olan yeni, kiçik həcmli daxili yanma mühərrikli avtomobillərin ölkəyə gətirilməsini stimullaşdıran addımların atılması ekoloji tarazlığı bərpa edəcək. Bununla yanaşı, tam elektrikli avtomobillərə digər nəqliyyat vasitələrində olmayan müəyyən imtiyazların verilməsi əhali arasında onlara marağın yaranmasına səbəb olar. Bu imtiyazlara dayanacaqların pulsuz olması, faizsiz kredit şərtləri ilə satış, sığorta qiymətində, texniki servis xidmətlərinin qiymətlərində endirim, enerji doldurma məntəqələrinin sayının artırılması və s. daxildir”.
Bu sahədə müvafiq addımlar atılacaq
Ekoloqun sözlərinə görə, ictimai nəqliyyat şəbəkəsinin hər kəs üçün əlçatan olması avtomobil sahiblərinin də ondan istifadəsinə zəmin yaradar: “Bu baxımdan son illərdə atılan addımlar, xüsusən avtobus hərəkəti üçün ayrılmış xüsusi zolaq bu keçidin sürətlənməsinə səbəb olub. Gələcəkdə istismara yararsız avtomobillərin utilizasiyası, idxal olunan yeni avtomobillərə güzəştlər, ölkə ərazisində ekoloji göstəricilərə nəzarət edən ekoloji postların sayının artırılması, texniki qulluq və təmirin keyfiyyətinə dövlət nəzarətinin artırılması, yeni avtomobillərin daha əlçatan olması üçün müvafiq addımlar atılması gözlənilir”.