Yəqin ki, valideynlərdən kiminsə öz uşağının eyni paltarı dəfələrlə geyməsindən, eyni cizgi filminə dəfələrlə baxmasından, eyni nağıla dəfələrlə qulaq asmasından şikayət etdiyi vaxtlar olur. Bu və ya buna bənzər hallar zaman keçdikcə təbii olaraq, valideynlərin hövsələdən çıxması ilə nəticələnir. Hətta belə valideynlər uşaqları ən sevdiyi yorğan olmadan yatmamağa, ən sevdiyi boşqab olmadan yeməməyə, ən sevdiyi oyuncaq olmadan oynamamağa başladıqda, təşvişə düşür və bu işə bir çarə tapmaq üçün mütəxəssis axtarmağa başlayırlar. Ancaq mütəxəssislər də öz növbələrində üzlərini belə valideynlərə tutur və: “Hər bu cür hərəkət xəstəlik deyil!” - deyirlər (yeri gəlmişkən deyək ki, bu cür hərəkətləri elmi dildə başqa cür obsessiv-kompulsiv pozuntu (OKP) da adlandırırlar).
Əsasən, 2-5 yaş arasındaki uşaqlarda müşahidə edilən bu hərəkətlər valideynlər tərəfindən daha çox şıltaqlıq kimi qəbul edilir. Halbuki uşaqlar bu hərəkətləri daha çox öz mənliklərini ifadə etmək üçün edirlər. Üstəlik, bu yaşlarda müəyyən vərdişlər qazanmağa başlayan uşaqlar bəzi əşyalara qarşı özlərini daha yaxın hiss edirlər. Ancaq bu da bir həqiqətdir ki, belə hallar təkcə uşaqlarda yox, böyüklərdə də tez-tez müşahidə olunur. Məsələn, eyni yolla getmək, eyni əşyadan istifadə etmək, eyni yerdə gəzmək və s. kimi. Ona görə də, uşaqlardakı bu halları elə ilk baxışdan xəstəlik kimi qəbul etmək doğru deyil. Ancaq əgər məsələ siz düşündüyünüzdən də ciddidirsə, uşağınız ciddi psixoloji pozuntu yaşayırsa və mövcud hərəkətlər gündəlik həyatına mənfi təsir göstərirsə, onda bir mütəxəssisə müraciət etmək lazım gələ bilər.