Dini tolerantlıq üzrə böyük uğurlar qazanmış Azərbaycana qarşı ABŞ-ın şantaj xarakterli hesabatla böhtan atması, rəsmi Bakının Ağ Evin sülh vasitəçiliyinə münasibətdə tərəddüdlərini artırıb... Bayden adminstrasiyasının rəsmi Bakıya qarşı elə bir ciddi təsir mexanizmləri isə yoxdur, Ağ Evin qərəzli davranışları ucbatından ABŞ-ın Cənubi Qafqaz siyasəti növbəti dəfə iflasa uğramaq üzrədir...
Cənubi Qafqazda sülh prosesinin dərin böhran keçirdiyi artıq açıq-aşkar müşahidə olunur. Brüssel prosesi demək olar ki, iflasa uğrayıb. Rusiyanın vasitəçilik missiyasından isə Ermənistan tərəfindən imtina edilib. Və nəhayət, ABŞ-ın təkbaşına sülh müzakirələri təşkil etmək cəhdləri isə ümidverici nəticələrdən çox-çox uzaqdır.
Təbii ki, belə situasiyada yaxın vaxtlarda yekun sülh sazişinin imzalana biləcəyindən danışmaq olduqca çətindir. Halbuki, son 30 il ərzində əsas münaqişə predmeti olan bütün problemlər həll edilib, mübahisəli mövzular isə gündəmdən çıxarılıb. Yəni, Xankəndidə Azərbaycan bayrağı ucaldıldıqdan sonra regional sülh prosesi qarşısında elə bir ciddi əngəl qalmayıb. Və indi rəsmi İrəvanın mövcud tarixi reallığı qəbul edib, yekun sülh sazişini imzalaması üçün siyasi iradə göstərməsi Cənubi Qafqazda yeni inkişaf dövrünün başladılması üçün yetərli ola bilər.
Ancaq ABŞ və Qərbin Ermənistanı himayə etməsi, rəsmi İrəvanı sülh prosesindən uzaqlaşmağa cəsarətləndirməsi situasiyanı daha da qəlizləşdirir. Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb, çıxartmaq hədəfi regional sülh prosesini geopolitik mübarizənin girovuna çevirməyə başlayıb. Halbuki, ABŞ və Qərb hər imkanda bu regionda sülhün bərqərar olmasına dəstək verdiyini bəyanlayır. Və bunu sübuta yetirmək üçün müəyyən diplomatik aktivlik görüntüləri ilə manipulyasiya cəhdi də göstərir.
ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayenin Davosda Ermənistanın Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanla görüşündə də regional sülh prosesi müzakirə olunub. Eyni zamanda, tərəflər ABŞ və Ermənistan arasında münasibətlər barədə də müzakirə aparılıblar. Və bu, onu göstərir ki, hazırda ABŞ-ın Cənubi Qafqaz siyasəti böyük ölçüdə Ermənistan üzərində indeksləşib.
Bir müddət Ceyms Obrayen ABŞ-ın Cənubi Qafqazda sülh və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesini dəstəklədiyini vurğulamışdı. O, bildirmişdi ki, Ağ Ev Azərbaycan və Ermənistan arasında ümidverici sülh gündəliyinin mövcud olmasından məmnundur. Və tezliklə yekun sülh sənədinin imzalanacağına ümid edir.
Digər tərəfdən, Ağ Ev rəsmisi ABŞ-ın həm Azərbaycan, həm də Ermənistan ilə siyasət, iqtisadiyyat və təhlükəsizlik sahəsində yaxşı əməkdaşlıq münasibətləri olduğunu da vurğulamışdı. Halbuki, buna əslində, heç Ceyms Obrayenin özü də inanmaz. Çünki bir müddət öncə məhz elə həmin Ceyms Obrayen Azərbaycanı Ağ Evin adından təhdid etmişdi. Və Ağ Ev rəsmisi bunun artıq unudulduğunu düşünürsə, böyük səhv edir.
Üstəlik onu da nəzərə almaq lazımdır ki, Azərbaycanla yaxşı münasibətlərdən danışan Ağ Ev rəsmisi ABŞ-ın erməni diasporunun təzyiqləri ilə 907-ci düzəlişin hüquqi qüvvəsini bərpa etdiyini də unutmamalıdır. Hələ bu sıraya Azərbaycanda dini azadlıqların şübhə altına alınması barədə ABŞ-ın yaydığı son qərəzli hesabatı və s. bu kimi davranışları da əlavə etmək olar. Hər halda, əgər, Ağ Ev Azərbaycan-ABŞ münasibətlərinin inkişaf etməsində maraqlıdırsa, onda Dövlət Departamentinin erməni mənşəli əməkdaşlarının dünyanın dini sahədə ən tolerant ölkəsi olan Azərbaycana qarşı ABŞ-ın adından böhtan atmasına da imkan verməməlidir.