Qapını açıb köhnə vaxtın xatirələrinin səliqəylə qorunduğu mənzilə düşürəm. Köhnə üslublu bir otaq. Divarın birini kitab şkafı tutub. Bu şkafda Vidadi Babanlı imzalı 52 kitab yerləşir. Divarın sağında və solunda böyük portret və portret-xalça da köhnə vaxtlardan soraq gətirir. Yazıçının çarpayısı sağ divardadır. Başının üstündə ağ-qara olsa da, işıqlı duyğuların sirayət etdiyi foto var. Qarabığlı kişi və balaca oğlanın fotosu.
Gələcəyimi bilirdi həmsöhbətim. Ona görə qalxıb yerinin içində oturmuşdu, gözlədiyi hiss olunurdu. 100 yaşın astanasında olan ağsaqqalın nizam-intizamı, məsuliyyəti məni təsirləndirir.
Beləcə, söhbətə başlayırıq qocaman yazıçı Vidadi Babanlı ilə. Qulağı ağır eşidir, sualları təkrarlamalı oluram, o da eşitdiyi və qavradığı sualları titrək, zəif səslə, amma dəqiqliklə cavablayır.
97 yaşlı insanın zehninin itiliyi, yaddaşının oyaqlığı məni valeh edir.
Teleqraf.com Vidadi Babanlı ilə müsahibəni təqdim edir:
- Mən anamı üç aylıq olanda itirmişəm. 5-6 yaşına qədər ana nənəmin yanında qalmışam, 6 yaşından sonra ata nənəm baxıb mənə. Məni nənələrim saxlayıb.
- Ananız niyə belə erkən dünyasını dəyişib?
- Kənddə doğum zamanı, deyəsən, qanına mikrob keçmişdi. Elə deyirdilər. Mən doğulandan sonra xəstələndi və üç ay keçməmiş dünyasını dəyişdi. Adamların avam vaxtıydı. 1926-1927-ci illər, kənd yeri, həkim, dava-dərman yox, savadsızlıq...
- Sonralar ana nisgilini hiss edirdinizmi?
- Mən həmişə ana nisgilini hiss etmişəm. Sizə bir hadisə danışım. Universitetdə üçüncü kursda oxuyurdum. İyirmi yaşım vardı. İsa Hüseynov məndən bir kurs aşağı oxuyurdu. Tətildə rayona getmişdik. Bir dəfə harasa getmişdim, qayıdanda gördüm ki, anası ona qayğanaq bişirir, üstünə bal töküb, başının üstündə dayanıb, sarı saçlarını sığallaya-sığallaya onu yedizdirir.
Mən bunu görəndə o biri otağa keçdim, özümdən asılı olmadan hönkürüb ağladım. Yəni ana məhəbbətini mən görməmişəm, başqasında görəndə də onun xiffətini çəkmişəm.
- Bəs atanız?
- Atam üç dəfə evlənmişdi. Mənim anamdan sonra iki dəfə. Biriylə üç il yaşayıb, boşayıb, sonra o birisini alıb. Axırıncı arvaddan 7, ümumilikdə 9 uşağı olub atamın.
Atam mehriban adam idi. 6 qardaş idilər. Onların içində ən ürəyi genişi, xeyirxahı o idi. Mənim yaddaşımda xeyirxah bir adam kimi qalıb.
- Atanızdır? - yuxarıdakı fotoya işarə edirəm.
- Hə. Yanındakı da mənəm.
- Sizi çox istədiyi hiss olunur.
- Eləydi.
- Sizə atalıq qayğısı göstərdimi?
- Göstərdi. Oxumağıma kömək etdi. Məni 1944-cü ildə Tiflisə Dəmiryolu Mühəndisliyi İnstitutuna oxumağa göndərdi. Oradan əsgərliyə aparmırdılar. Bir kurs oxudum, gördüm bura mənim yerim deyil. Ədəbiyyata lap 5-6-cı sinifdən meyilim vardı. İlin axırı sənədlərimi institutdan götürdüm.
“Kommunist” qəzetində belə bir elan verilmişdi ki, Azərbaycan Dövlət Universiteti tələbə qəbulu elan edir. Sənədlərimi Tiflisdən Bakıya göndərdim. Qazaxa qayıdıb gələndə atam soruşdu ki, dərslər necə gedir? Onu aldatdım, dedim, dərslərim yaxşı gedir. Mənə inandı, çünki heç vaxt yalan danışmırdım.
Aradan iki ay keçdi. Bir axşam, avqustun iyirmisindən sonra, evə gələndə gördüm atam pərt oturub. “Axşamın xeyir” dedim. Cavab vermədi. Durdu ayağa. Dedi, nə qələt eləmisən? Heç nə başa düşmədim, qaldım mat-məəttəl.
Siyirməni çəkib bir məktub çıxardı. Məktubu üzümə çırpdı, ardınca bir şillə vurdu mənə. Deyinə-deyinə, hirsli-hirsli çıxdı bayıra. Gözümün yaşını sıxırdım, çünki anadan yetim olduğum üçün məni heç vaxt vurmamışdı. Gözümün yaşını birtəhər sildim, ayağımın yanına düşən məktuba baxdım, üstündə “Azərbaycan Dövlət Universiteti” sözlərini oxuyanda yadıma düşdü, tez məktubu götürüb oxudum.
Orda yazılmışdı: “Universitetə qəbul olunmusunuz, sentyabrın 1-dən oxumağa gələ bilərsiniz”.
Atam evdə bir həftə məni dindirmədi. Ata ürəyidir də, axırda bilet aldı, göndərdi məni Bakıya. Dedi ki, sən cızma-qara edirsən, elə bilirsən şeir yazırsan? Hər yazan elə bilirsən ki, yazıçı olur?
Mən 3-cü kursda oxuyanda “Azərbaycan gəncləri” qəzetində iki şeirim çap olundu. Bu şeirləri oxuyandan sonra mənə məktub yazdı. Yazmışdı ki, ay bala, mən sənin ürəyini oxuya bilməmişəm. Səndə doğrudan da istedad varmış.
- Dünyasını dəyişdiyi vaxtı xatırlayırsınız?
- 1984-cü ildə, 86 yaşında dünyadan köçdü.
- 9 övladdan yerində-yurdunda kimsə qalıbmı?
- Ata yurdunda balaca oğlu Adil qaldı, ev tikdirdi yanında. Qalanları isə kimisi Moskvada, kimisi Bakıda, kimisi Sumqayıtda binə saldı.
- Ədəbiyyata Şıxlı təxəllüsüylə gəlmişdiniz, bəs sonra necə oldu?
- Kəndimizin adı Şıxlı idi. Sonra gördüm məni İsmayıl Şıxlı ilə qarışdırırlar, 1962-ci ildə keçdim öz soyadıma - Babanlıya.
- “Şıxlı” təxəllüsünü götürməyiniz İsmayıl Şıxlının acığına gəlmişdi?
- Yox, mən onda tanımırdım İsmayıl Şıxlını. İsmayıl sonra müharibədən gəldi... Bir hadisə oldu. Dağıstana Azərbaycan yazıçı-şairlərindən ibarət nümayəndə heyəti göndəriləcəkdi. Siyahı tutulub, birinci mənim adım yazılıb. Amma məni tapmayıblar, İsmayıl Şıxlını göndəriblər.
Dağıstanda rektor qonaqları salamlayanda mənim adımı oxuyub. Süleyman Rüstəm durub deyib ki, gələn o deyil, başqa yazıçıdır. Buna baxmayaraq, “Daqestanskaya pravda” qəzetində İsmayıl Şıxlının şəklinin altında mənim adım getmişdi: “Vidadi Şıxlı”.
Aradan bir müddət keçdi. İsmayıl mənə dedi ki, ay Vidadi, gəl sən öz soyadına keç. Bizi dəyişik salırlar. Mən ona inanmadım. Cibindən qəzeti çıxarıb göstərdi ki, görürsən, şəkil mənim, altındakı ad sənin. Ondan sonra öz soyadıma keçdim.
- Siz bir müddət “Azərbaycan” jurnalında işləmisiniz. Çap olunacaq əsərlər necə seçilirdi? Yuxarıdan göstəriş olurdumu?
- Yuxarıdan göstəriş olmurdu. Gətirib təqdim edirdilər, əgər bəyənirdiksə, çap edirdik.
- Hansı əsərlər o vaxt sizin yaxşı mənada təəccübünüzə səbəb olmuşdu?
- Dəqiq yadımda deyil. İsmayıl Şıxlının “Dəli Kür” əsəri geniş yayıldı və hörmət qazandı. Başqa əsərlər yadımda deyil.
- “Vicdan susanda”nı yazanda hansısa hadisədən təsirləndinizmi?
- Mirzə İbrahimov o vaxt Yazıçılar Birliyinin sədri idi. 1967-ci ildə məni işdən çıxartdırdı. Məsələni partiya iclasına qoydu, partiyadan da çıxarmaq istədi. Ona Əli Vəliyev, Süleyman Rüstəm, Osman Sarıvəlli etiraz etdilər. Rəsul Rza isə dedi ki, belə məsələ bizim təşkilatın adına yaxşı heç nə gətirməz. Mirzə isə təkid etdi ki, partiyadan çıxarılmalıdır. Onda Rəsul Rza durub iclası tərk etdi. Mən də artıq boğaza yığılmışdım. Partbileti çıxarıb onun üstünə atdım və özüm də iclası tərk elədim.
- Mirzə İbrahimovun sizə qarşı bu hirs, qəzəbi nə ilə bağlı idi axı?
- Onu qandırmışdılar ki, guya yazıçı kimi mən onu bəyənmirəm.
- Aranızı vurmuşdular?
- Hə, aramızı vurmuşdular. Cəlal Məmmədov adlı biri vardı... Paxıl adamlar çox idi.
- Necə bilirsiniz, o vaxt cəmiyyətdə vicdanlı insanlar çox idi, ya indi?
- Vallah, dəqiq bir şey deyə bilmərəm. O vaxt vicdanlı adamlar var idi. Amma indiki cəmiyyət haqqında heç nə deyə bilmərəm... Əslində indi də var vicdanlı insanlar, o vaxt da var idi.
- O vaxt əsərlərin tərbiyəvi əhəmiyyəti, cəmiyyətə təsiri olurdumu?
- Cəmiyyətə çox təsiri olurdu. “Vicdan susanda” əsəri əl-əl gəzdi. Onu oxumayan az adam oldu. Rus dilində iki dəfə 1970 və 1983-cü illərdə 100 min tirajla çap olundu. Adətən, kitablar 30 mindən yuxarı tirajla çap olunmurdu. Amma bu kitab oxucuların tələbi ilə dalbadal 100 min tirajla buraxıldı. Burda da 50 min, 30 min tirajla dəfələrlə çap olundu.
Mən bir hadisə danışım. Moskvada “Həyat bizi sınayır” əsəri çap olunmuşdu. Aradan yarım il keçdi. Bir dəfə Yazıçılar İttifaqında dedilər ki, bir cavan oğlan gəlib səni soruşur. Düşdüm aşağı, gördüm cavan oğlandır, bizim adamlara çox oxşamır.
Mənə yaxınlaşdı, dedi, siz Vidadi Babanlısınız? Dedim, bəli. Dedi, mən Daşkənddə yaşayıram, özbəyəm, sizin kitabınızı oxumuşam, elə bilmişəm oradakı qəhrəman mən özüməm. Mən o insanlarla tanış olmağa gəlmişəm. Qaldım mat-məəttəl, bilmədim nə deyim.