“Tağı müəllim sıradan sadə adamdır. Onu səhhəti ilə bağlı xəbərlərin yayılmasını istəmirəm”. AzVision.az xəbər verir ki, bunu Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun həyat yoldaşı Salatın Əhmədli deyib. O bildirib ki, sabiq rəisin səhhəti yaxşıdır, heç kim narahat olmasın.
"Jurnalistlərə hörmətim var. Ancaq nəzərə alın ki, Tağı müəllim sadə adamdır. Onun səhhəti ilə bağlı xəbərlərin yayılmasını istəmirəm. Belə şeylərin yazılmasını jurnalistlərə yaraşdırmıram".
Qeyd edək ki, bir müddət əvvəl mediada T.Əhmədovun səhhətinin pis olması xəbəri yayılmışdı. Həkimlər ona onurğa-beyin iltihabı diaqnozu qoyublar. O özü jurnalistlərə açıqlamalarında uzun müddət şəkər xəstəliyindən əziyyət çəkdiyini, yeriyə bilmədiyini demişdi.
T.Əhmədov 1 fevral 1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin kəndində anadan olub. 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.
1965-ci ildən “Badamlı” zavodunda fəhlə, 1970-1994 illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi vəzifələrində işləyib.
1998-ci ildə Bakı Metropoliteninin rəisi təyin edilib. 16 il bu vəzifədə çalışan T.Əhmədov 27 fevral 2014 tarixində işdən çıxarılıb.